AMEA Rəyasət Heyətinin builki ilk iclası AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2010-cu il üçün hesabatına həsr olunub. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov tədbir iştirakçılarını Yeni il münasibətilə təbrik etdi. O, akademik İsmayıl İbrahimovu 95 illik yubileyi münasibətilə təbrik edərək ona AMEA-nın Fəxri Fərmanını təqdim etdi.
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi akademik Akif Hacıyev bölmə institutlarının 2010-cu ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, ötən ildə bölmə müəssisələrinin planına həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatlar daxil edilmiş və bu tədqiqatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş "Azərbaycan MEA tədqiqatlarının öncül istiqamətləri" proqramına uyğun aparılmıb. Hesabat ilində bölmə institutlarında 26 problemə aid 86 mövzu üzrə 283 tədqiqat işinin aparıldığını, 39 elmi-tədqiqat işinin nəticəsinin xalq təsərrüfatına tətbiqinin müəssisələr tərəfindən icra edildiyini, bunlardan 31-nin artıq tətbiq olunduğunu diqqətə çatdıran A.Hacıyev aparılmış elmi tədqiqatların mühüm nəticələrinin bölmənin ümumi yığıncağında araşdırıldığını söylədi.
A.Hacıyev hesabat dövründə bölmənin 1 ümumi yığıncağı və Büronun 12 iclasının keçirildiyini, bəzi institutlarda qismən struktur dəyişikliklərinin aparıldığını, yeni elmi tədqiqat işlərinin aparılmasına başlanıldığını və respublikada elmin vahid konsepsiya əsasında inkişaf etdirilməsi məqsədilə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının bölmənin elmi istiqamətləri üzrə 6 Problem Şurasının - "Riyaziyyat", "Mexanika", "Fizika", "Kibernetika, informasiya texnologiyaları və texnika", "Energetikanın kompleks problemləri", "Nüvə tədqiqatları" fəaliyyət göstərdiyini qeyd etdi.
Hazırda bölmənin müəssisələrində 1912 nəfər işçinin çalışdığını (bunlardan 1075 nəfəri elmi işçi, 170 nəfəri elmlər doktoru, 447 nəfəri isə elmlər namizədidir) diqqətə çatdıran alim bölmədə 17 akademik, 26 müxbir üzvün fəaliyyət göstərdiyini, 13 patentin alındığını (3 xarici), 33 iddia sənədinin təqdim edildiyini və 19 sənədin isə qeydə alındığını qeyd etdi.
Hesabat ilində bölmə əməkdaşları tərəfindən 11 monoqrafiya (3 xarici), 18 kitab (1 xarici), 20 dərslik və elmi-kütləvi nəşr, 1287 məqalə (194 SCİ jurnalları) çap olunduğunu söyləyən alim bölmədə 65 doktorantın təhsil aldığını, 16 doktorantın təhsilini başa vurduğunu, onlardan 5-nin dissertasiya işini yekunlaşdırdığını, bundan əlavə bölmə müəssisələrində 207 nəfər mütəxəssisin dissertant kimi elmi tədqiqat işi apardığını qeyd etdi. O, həmçinin bölmə əməkdaşlarının 53-nün fəlsəfə və 10-nun elmlər doktoru dissertasiyasını müdafiə etdiyini, 17 fəlsəfə və 7 elmlər doktoru dissertasiyasının müdafiəyə hazır olduğunu diqqətə çatdırdı.
Akademik əldə olunan nailiyyətlərlə yanaşı problemlərin olduğunu da söylədi. Tədbirdə "E-elm" layihəsinin əhəmiyyətindən danışan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirdi ki, İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun qurulması və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində bu layihə böyük əhəmiyyət kəsb edir.
O, sözügedən layihənin elmi təşkilatların, kollektivlərin və alimlərin qarşılıqlı əlaqəsi, elmi idarəetmənin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elm məkanına inteqrasiyasına nail olmaq məqsədi daşıdığını qeyd etdi.
Tədbirdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov radiasiya materialşünaslığı, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində elmi-tədqiqat işlərinin aparılmasında istifadəsi vacib yeni elektron sürətləndiricinin alınıb respublikaya gətirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı çıxış etdi.
Hesabatla bağlı müzakirələrdə iştirak edən akademiklər Mahmud Kərimov, Vaqif Fərzəliyev, İsmayıl İbrahimov, Maqsud Əliyev, Telman Əliyev,Arif Mehdiyev və AMEA-nın müxbir üzvləri Bahadır Tağıyev, R.Əliquliyev, Adil Qəribov bölmənin illik hesabatını qənaətbəxş hesab etdilər.
Tədbirdə həmçinin, AR Prezidenti Administrasiyasının rəhbəri tərəfindən AMEA-ya daxil olmuş "İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında" məktubun müzakirəsi də keçirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB