Bir müddətdir Fransada “Sarı Jiletlilər”lə polis arasındakı qarşıdurmalar gündəmi zəbt edib və bütün dünya fransızları diqqətlə izləyir. Daha doğrusu küçə nümayişçiləri ilə yanaşı polisin də reaksiyasının, özü də çox qəddarçasına davranışlarının şahidi olmayan yoxdur.
Artıq Fransada baş qaldıran inqlab dalğası oradan Belçika və Hollandiya olmaqla digər Avropa ölkələrinə də yayılır. Bir sözlə Avropa daxilində etirazlar get-gedə daha da qızışır və hətta kütlə müxtəlif tələblərlə yanaşı hakimiyyətin istefası tələbi ilə də çıxış edir. Əvəzində isə etirazçılara qarşı çox sərt davranılır, aksiya iştirakçılarının dağıdılması üçün müxtəlif vasitələrdən istifadə edilir.
Vətəndaşlara qarşı zorakılıq etməkdə zərrə qədər tərəddüd etməyən ölkələr nümayişçilərə qarşı belə bir addım atmaqda haqlı olduqlarını düşünürlər
Bir vaxtlar gözyaşardıcı qazdan, su şırnağından və sair bu kimi vasitələrdən istifadə edilirdisə, indi artıq Avropa ölkələrində polis aksiyaçılara hücum edir, təzyiqlər edir, fiziki təsirlərə məruz qoyur, bəzən atlardan, itlərdən də istifadə etməkdən çəkinmir. Bu təzyiqlərin nəticəsi olaraq indi Avropada, daha dəqiq desək Fransada müxtəlif xəsarət alanlarla yanaşı ölənlər haqda da məlumatlar verilir. Görünür, Fransa kimi bir Avropa ölkəsi vətəndaşlara qarşı belə zorakılıq etməkdə zərrə qədər tərəddüd etmir və zənn edir ki, nümayişçilərə qarşı belə bir addım atmaqda haqlıdır.
Analoji faktın biz İspaniyada da şahidi olduq və bir Avropa ölkəsinin Barselonada etiraz edən əhaliyə qarşı hansı təzyiqlər etdiyini də müşahidə etdik. Hətta İspaniya polisinin dəyənəyi altında həyatdan məhrum olanlar barədə də məlumatlar ictimailəşdirildi və sanki, bu məsələdə qeyri-adi heç bir şey yox imiş. Sanki, etirazçılara, aksiya keçirənlərə qarşı bu normal davranışdır və bu hərəkətlərdə qanundan kənar, antidemokratik heç bir məqam ola bilməzdi.
Bir məqam diqqəti cəlb etməyə bilməzdi ki, bütün beynəlxalq təşkilatlardan tutmuş dünya dövlətlərinə qədər hamısı bu Avropa dövlətinə haqq qazandırdı və İspaniyanın tərəfini saxladı. Katalonlar içərisində ölənlər, xəsarət alanlar oldusa da nə İspaniyanı qınayan oldu, nə də katalonlara zərrə qədər haqq, hüquq verən. Heç bir hüquq verilmədən onların bəziləri hətta hüquqi müstəvidə də cəzalandırıldı və bu məsələ burda bağlandı. İspaniya hökuməti heç müzakirə movzusu belə olmadı və nə insan haqları yada düşdü, nə demokratiya, nə də ki, azadlıqlar.
Avropa ölkələri bundan sonra etirazları zor gücünə yatırmaq üçün özündən əvvəlki hadisələri presedent hesab edəcək
İndi də kütlənin etirazlarının qarşısı Fransada çox kobud şəkildə alınır və xəsarətlər, hətta ölümlə nəticələnən polis müdaxiləsi də heç bir narazılığa səbəb olmur və beynəlxalq təşkilatlar bunu adi hal kimi, normal təzahür kimi qarşılayır. Avropanın daxilində, lap elə mərkəzində aksiyalar polis müdaxiləsi və kobudluq ilə susdurulur və bu Avropa İttifaqında belə rezonans doğurmur. Ən təzadlı məqam isə ondan ibarətdir ki, avropalıların hüquqları, insan haqları, azadlıqları, ələlxüsus söz azadlıqları, toplaşmaq hüquqları elə Avropanın daxilindəcə kobudcasına pozulur və buna reaksiya belə verilmir.
İspaniyada və ardınca da Fransada baş verənlər onu deməyə əsas verir ki, bu halın Belçikada, Hollandiyada da təkrarlanacağına şübhə yoxdur. Daha aydın şəkildə ifadə etsək, bütün bu olanların ardınca Belçikanın da, Hollandiyanın da aksiyaçılara qarşı analoji davranış sərgiləməyəcəyinə kimsə zəmanət verə bilməz. Əksinə, özündən əvvəlki dövlətlərin davranışları fonunda istənilən bir Avropa ölkəsi nədən ehtiyat edə bilər və niyə də ehtiyatlanmalıdır? Bir halda ki, Avropa ölkələri üçün aksiyanı güclə boğmağa kimsə bir söz demir, deməli, hər bir Avropa ölkəsi bundan sonra etirazları belə zor gücünə yatırmaq üçün özündən əvvəlki hadisələri presedent hesab edəcək. Bu isə o deməkdir ki, Avropada söz azadlığı, haqq və hüquqlar yalnız kağız üzərindədir.
Avropanın heç bir ölkəsində Azərbaycandakı demokratik mühit formalaşmadığı indi öz təsdiqini tapır
Təbii olaraq belə bir sual yaranır, görəsən, Avropa ölkələrində yaşayanların haqq və hüquqları yoxdur, yoxsa, Avropa ölkələri bu hüquqları hesaba almır? Sözsüz ki, avropalıların hüquqsuz olduqlarından danışmaq doğru olmaz və sözdə, kağızda da olsa onların haqlarına geniş yer ayrılır. Hətta demokratiya, söz azadlığı, insan haqları barədə Avropa bütün dünyaya özünü nümunə göstərməyə belə çalışır. Belə olan halda bəlli olur ki, bu hüquqlar qeyd etdiyimiz kimi yalnız kağız üzərindədir və Avropa ölkələri özləri bu hüquqları kobudcasına pozur. Əks halda dünya ictimaiyyəti Avropadakı bu olayların, etirazları yatırmaq üçün polis tərəfindən tətbiq olunan zorun şahidi olmazdı.
Maraqlıdır, etirazçılara qarşı belə bir zorakılığın fonunda Avropa söz, insan azadlığı, insan haqları, haqq və hüquqlar barədə hansı üzlə danışır? Azərbaycanda konkret bir cinayət əməlinə görə mühakimə olunmuş hansısa bir məhbusa görə haqq və hüquqlarının pozulması hansı üzlə iddia olunur və Avropada bu boyda zorakılıqların, insan haqlarının tapdalanması fonunda ölkəmizin demokratik mühiti barədə müzakirələr aparmağa onlara kim haqq verə bilər?
Bütün Avropa çox yaxşı bilir ki, Azərbaycanda söz, ifadə azadlığı qorunur və hətta dövlət səviyyəsində qəbul olunur. Əgər Avropa ölkələrində meydanlardan etirazçılar qovulursa, söz azadlığı məhdudlaşdırılırsa, əllərindən alınırsa, Azərbaycanda bunun üçün xüsusi yer də ayrılır, şərait də verilir. Avropada polis etirazçıları dəyənəklər altında əzirsə, Azərbaycan polisi mitinqə toplaşanların təhlükəsizliyini mühafizə edir, qoruyur. Avropanın heç bir ölkəsində Azərbaycandakı demokratik mühit formalaşmadığı indi öz təsdiqini tapır və bunu bütün dünya ictimaiyyəti belə etiraf etmək məcburiyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB