Gürcüstanın yeni prezidenti Rusiya ilə Qərb arasında balanslı siyasət tərəfdarı kimi tanınır

Gürcüstanda çərşənbə günü keçirilən prezident seçkisinin ikinci turunun nəticələrinə görə, hakimiyyətin dəstəklədiyi Salome Zurabishvili prezident seçilib. SİA-nın verdiyi məlumata görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat verib ki, bütün bülletenlər sayılıb və Salome Zurabishvili 59,52 faiz səs qazanıb.

Onun rəqibi, "Güc birlikdədir" müxalifət hərəkatının namizədi Grigol Vaşadze səslərin 40,48 faizini toplayıb, məlumatda deyilir.

Gürcü mətbuatı xəbər verir ki, andiçmə mərasimi dekabrın 16-da keçiriləcək.

Hakim "Gürcü arzusu" partiyasının dəstəklədiyi, Fransada gürcü mühacirinin ailəsində doğulmuş Salome Zurabişvili Rusiya ilə Qərb arasında balanslı siyasət tərəfdarı kimi tanınır.

Grigol Vaşadze isə əksinə, Qərbə daha çox yaxınlaşma siyasətini müdafiə edir. Onun tərəfdarları seçkidə çoxlu seçki pozuntularına yol verildiyini iddia edir və etirazlara çağırırlar.

Salome Zurabişvili Fransaya köçmüş, tanınmış gürcü ailəsindəndir. O, 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili, bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib.

2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.

Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyil. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər Fransa vətəndaşlığından imtina edib.

Gürcüstanda sonuncu dəfədir ki, prezident birbaşa seçilir. Yeni prezident altı il müddətinə seçiləcək və bu vəzifədə 2013-cü ildən oturmuş Georgi Margvelaşvilini əvəz edəcək. Gürcüstanın bundan sonrakı prezidenti isə yeni Konstitusiyaya görə, 2024-cü ildə 300 seçicidən ibarət Seçki Kollegiyası tərəfindən seçiləcək. Yeni prezident təsdiqlənəndən sonra qüvvəyə minəcək yeni Konstitusiyada prezident səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulub. Yeni Konstitusiya Gürcüstanın parlament idarəçiliyi üsuluna keçidini tamamlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə