İlqar Məmmədovun yeni yaratdığı partiyası Sərdar Cəlaloğlunun hədəfinə tuş gəldi
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Respublikaçı Alternativ Hərəkat (REAL) partiyası arasında qarşıdurma yaşanıb. Belə ki, bu siyasi təşkilatın partiya olaraq fəaliyyətinin heç bir nəticə verməyəcəyini iddia edən ADP sədrinə görə, ümumiyyətlə, REAL-ın yeni müxalifətdaxili siyasi qüvvə kimi təqdim edilməsi kökündən yanlışdır. S.Cəlaloğlu İlqar Məmmədov başda olmaqla, yeni partiyanın digər funksionerləri qarışıq yanlış fikirlər səsləndirdiklərini bildirib və REAL-ın heç də hər hansı bir yenilik gətirə bilməyəcəyini bildirib.
ADP sədri: “Adını REAL qoymaq yenilik deməkdir ki?.. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları yoxdur”
“REAL-ın siyasi partiyaya çevrilməsini şişirtmək və burada hansısa yenilik axtarmaq lazım deyil. Kimdir orada yeni qüvvə? REAL sədri, bəyəm, yeni qüvvədir? AMİP-də 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub. Burada yenilik nədir? Əslində, heç bir yenilik yoxdur. Adını REAL qoymaq yenilik deməkdir ki?”.
Maraqlıdır ki, S.Cəlaloğlu ümumiyyətlə, bu siyasi təşkilatın siyasi uğur əldə edə bilməyəcəyini də bildirib. Xüsusilə, Natiq Cəfərliyə, Erkin Qədirliyə də eyham vuran ADP sədri onların heç bir halda elektorat toplamaq imkanında olmadıqlarını deyib: “REAL-a daxil olan adamları tanıyıram. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları yoxdur”.
Müxalifətçi partiya sədri oradakı funksionerlərin xalq hərəkatından çıxmadıqlarını da xatırladıb və hesab edir ki, əksəriyyəti xarici təhsil alarkən, müəyyən dairələrin təsiri altına düşdükləri üçün, onlar siyasi cəhətdən ölkə müxalifətinə heç bir səmərə verməyəcəklər.
Sərdar Cəlaloğlu: “O da hələ işləyə bilsələr, qəbul olunsalar...”
“Çünki Azərbaycan xalqı ilə fransızların, ingilislərin, almanların nə siyasi baxışları, nə də düşüncələri eynidir. İkincisi isə niyə belə bir fikir var ki, REAL əvvəlki ənənəvi partiyaları üstələyə bilər? Bizim 30 illik siyasi təcrübəmiz var. Xalq hərəkatının içindən çıxıb, bura qədər gəlmişik. Necə ola bilər ki, bu gün yaranan təzə partiya 30 illik təcrübəni üstələsin? Hətta uzun müddət fəaliyyət göstərdikdən sonra belə, REAL indiki zəif partiyaların orta səviyyəsinə qalxa bilər. O da hələ işləyə bilsələr, qəbul olunsalar”.
Maraqlısı isə budur ki, S.Cəlaloğlunun bu kimi iddiaları REAL rəhbərliyində təmsil olunan şəxslər tərəfindən daha sərt və kəskin şəkildə qarşılanıb. ADP sədrinin cavabı gecikməyib və ümumiyyətlə, onun mülahizələrini nəinki qəbul olunmadığı, hətta rədd edildiyi də vurğulanıb.
REAL funkdioneri ADP sədrinə niyə “təşəkkür” etdi?
Misal üçün, N.Cəfərliyə görə, o, sadəcə bir yaşlı partiya sədri olaraq, ADP sədrinə hörməti etdiyini desə də, onun bir sıra mülahizələrini rədd etdiyini xüsusilə bildirib. Lakin digər tərəfdən, dolayı yolla REAL-ın reklamıını da apardığını deyərək, ona öz təbirincə “təşəkkür” də ünvanlayıb: “Sərdar Cəlaloğluna təşəkkür edirəm. Tənqid xatrinə tənqid etsə də, bilməyərəkdən REAL-ı tərif edib. Bizim keyfiyyətli təhsil aldığımızı, savadlı olduğumuzu qeyd edib. Amma nədənsə savadlı insanların xalqdan uzaq olduğunu, xalqın onları qəbul etməyəcəyini iddia edib. Görünür, onun tənqidi burada REAL-a deyil, xalqa ünvanlanır. Bu, ADP sədrindən gözlənilməz addımdır. 30 ildir siyasətlə məşğul olan ADP sədri xalqı bu səviyyəyə endirməməli idi. Onun sözlərindən belə çıxır ki, xalqımız keyfiyyətli təhsil alan, savadlı və bacarıqlı insanları qəbul etmir. Bu cəmiyyətə ünvanlanan tənqiddir. Hesab edirəm ki, Cəlaloğlu bu fikirlərinə aydınlıq gətirməlidir”.
Natiq Cəfərli: “Belə çıxır ki, bunların 30 ildə apardığı mübarizənin nəticəsi yoxdur”
N.Cəfərli eyni zamanda bildirib ki, S.Cəlaloğlunun “REAL-ın heç bir şansı yoxdur” ifadəsini qəbul etmir: “Müəllim bunu belə əsaslandırır ki, onlar 30 ildir siyasətlə məşğul olurlar. Ancaq ortada 30 il siyasətlə məşğul olub uğur qazanmamaq məsələsi var. Belə çıxır ki, bunların 30 ildə apardığı mübarizənin nəticəsi yoxdur. Cəlaloğlunun təbrincə desək, əgər xalqa yaxın olsaydılar, qəbul olunsaydılar, yəqin ki, uğurları ola bilərdi. Amma bu baş verməyibsə, məntiqlə xalqımız ənənəvi müxalifətin siyasətini qəbul etməyib”.
Ümumiyyətlə, son vaxtlar müxalifətdaxili intriqaları, yaxud qarşıdurmalara səbəb olan açıqlama və rəyləri nəzərə alarsaq, sözügedən vəziyyətin get-gedə daha da qızışacağını proqnozlaşdıra bilərik. Xüsusilə, REAL-ın partiyaya çevrilməsinin ardınca, bütövlükdə bu partiyaya və sədri İ.Məmmədova qarşı artan müxalifətdaxili hücumlar da belə bir nəticə hasil etməyə zəmin yaratmış olur. Hər halda, yalnız ADP sədri deyil, eləcə də AXCP-“Milli Şura” cütlüyünün, habelə Müsavat və s. partiyaların son bir neçə ayda REAL-a qarşı kampaniyalarda bur ağızdan çıxış etmələri də bu reallığı kifayət qədər təsdiqləmiş olur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB