Abel Məhərrəmov: “Dövlət ödənişli ixtisaslara qəbul sisteminin tətbiqi nəticəsində bu il BDU 1,2 milyon əlavə vəsait əldə edib”-Özəl

Abel Məhərrəmov: “Dövlət ödənişli ixtisaslara qəbul sisteminin tətbiqi nəticəsində bu il BDU 1,2 milyon əlavə vəsait əldə edib”-Özəl
"İndiyə kimi ölkənin ali məktəblərində eyni auditoriyada həm dövlət sifarişli tələbələr, həm də ödənişli əsaslarla oxuyanlar olub. Hər ikisi bir qrupda oturub mühazirəyə qulaq asıblar. İndi isə dövlət sifarişi ilə qəbul olanların qiymətini ortaya çıxartmağa başlamışıq". Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov dövlət sifarişli ixtisaslarda illik təhsil haqqının artırılması məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, qiyməti araşdırarkən 2 məsələ meydana çıxıb. Onun sözlərinə görə, birinci məsələ ondan ibarətdir ki, onlar eyni auditoriyada təhsil alsa da müəllimlər hər ikisi üçün eyni mühazirəni oxusa da qiymətlər fərqlənir. A.Məhərrəmov vurğulayıb ki, bəzi hallarda dövlətin qiyməti aşağı, ödənişli təhsil alanın qiyməti yuxarı, ancaq bəzən isə əksinə olur.

"Ona görə də burada insanların hüquqları pozulur. Hər ikisi eyni müstəviyə gəlməlidir. Çox dialoq, fikir mübadiəsi gedir ki, bunları necə birləşdirək və eyni müstəviyə gətirək? Bu çox vacibdir. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, dövlət sifarişinin mexanizmini qısa müddətdə tam həyata keçirmək mümkün olsun. Bu da sadə deyil. Ola bilər ki, bəzi institutlar indiyə qədər dövlət büdcəsindən maliyyələşirlər. Məsələn, fizika ixtisası həm Bakı Dövlət Universitetində, həm Naxçıvanda, həm Lənkəranda və digər ali məktəblərdə tədris olunur. Əgər Bakı Dövlət Universitetinə çox arzu edənlər olarsa, onda Lənkəranın planı yerinə yetirilməyəcək və çətinliklər olacaq. Ancaq bütövlükdə strateji planda məsələ həll olunub. İndi isə onun taktiki planda bir müstəviyə gətirilməsi məsələsi qalır. Builki təcrübədə Bakı Dövlət Universiteti bu yanaşmaya görə, 1,2 milyon əlavə vəsait əldə edib. Bu bizi qane etdi və planlaşdırdıqlarımızdan daha çox qazandıq. Ancaq burada da iki istiqamətdə məsələni bir müstəviyə gətirmək lazımdır. Dövlətin düşünülən strategiyası bu istiqamətdə tam qaydasındadır, beynəlxalq standartları, tələbləri tam ödəyir. Ancaq bununla bərabər milli, regional xüsusiyyətləri nəzərə alaraq bu prosesdə radikal addımlar olsa da, inqilabi bir proses kimi baxmaq olmaz. Təkamül yolu ilə, ancaq radikal addım atmaqla bu yola getmək olar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə