Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratmış, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub. DSX-dən SİA-ya verilən məlumata görə, Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlıqların sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilməkdədir.
Dövlət sərhədinin mürəkkəb relyefə malik ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qısa müddət ərzində yüksək keyfiyyətlə yeni inşa edilmiş Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kompleksi 2018-ci ilin avqust ayının 14-də xidməti istifadəyə verilib. Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd edib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü olduğunu vurğulayıb.
1992-ci ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olmayan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qabaqcıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə edilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Xudat” sərhəd dəstəsinə 4 dəfə səfər etməsinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vurğulanıb. Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu olmayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakinlərinin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd mühafizəsinin təşkilinə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdarlığını bildirib. Tədbirdə iştirak edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov sərhədçiləri təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb, Qusar əhalisinin hər zaman Azərbaycan dövlətçiliyinə xidmət etməsini bildirib, yerli sakinlərin problemlərinin həllinə sərhədçilərin daima dəstək verməsinə görə minnətdarlığını ifadə edib.
Xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Rəmzi lent kəsildikdən sonra general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olub. Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB