Ermənistanın baş naziri Nikol Paşinyanın NATO samitinin keçiriləcəyi Brüsselə marağı Rusiyanın maraqları ilə heç cür üst-üstə düşmür və inqlabçı baş nazirin davranışları onların səbr kəsasını doldurub. Əsrlərlə ermənilərə himayədarlıq etmiş, məskunlaşmalarından tutmuş statuslarına, dövlət olaraq mövcudluqlarına qədər nəinki yardımçı, hətta təminatçı olan ruslar bunu özbaşınalıq hesab etməkdə haqlıdırlar.
NATO və Avropa Birliyi (AB) rəsmilərinin Paşinyanı şirnikləndirən bəyanatlar verməsi rusların diqqətindən kənarda deyil
Belçika paytaxtında, NATO-nun iki günlük sammitində gündəlikdəki əsas mövzulardan biri də “Rusiya təcavüzü” ilə bağlıdır və belə məlum olur ki, indi Moskvanı hətta alyansın gündəliyindən də daha çox Ermənistanın təzə rəhbərliyinin belə bir yığıncağa marağı, bir sözlə özbaşınalığı, sayqısızlığı narahat edir. Daha doğrusu, Paşinyanın da, onun təmsil etdiyi hakimiyyətin də, Ermənistanın da belə bir hədsizliyi rusların narahatçılıqdan da çox qəzəbinə səbəb olub. Nəzərə alsaq ki, Ermənistan bir dövlət olaraq Rusiyasız bu vaxta qədər nə mövcud ola bilməzdi, nə də bu dövləti qoruyub saxlaya bilməzdi, hətta işğal altında saxladığı Qarabağ torpağı belə bu qədər müddətdə ermənilərin nəzarətində qala bilməzdi, rusları başa düşmək çətin deyil. İstər siyasi, istərsə də iqtisadi baxımdan tənəzzül dövrünü yaşayan, hərbisi yox dərəcəsində olan, hər zaman Rusiyadan asılı vəziyyətdə olan hazırki Ermənistanın, onun rəhbərliyində olanlarin özündə belə bir cəsarət tapması sözsüz ki, rusları qəzəbləndirməyə bilməzdi və işğalçı dövlətin bunun bədəlini ödəyəcəyinə də zərrə qədər şübhə ola bilməz.
Digər tərəfdən NATO və Avropa Birliyi (AB) rəsmilərinin Paşinyanı şirnikləndirən bəyanatlar verməsi də rusların diqqətindən kənarda deyil. NATO və mənzil qərargahı Brüsseldə yerləşən AB rəsmilərinin son açıqlamalarından bəlli olur ki, Ermənistanda “məxməri inqilab”ın başında duran Paşinyan səbirsizliklə gözlənilir və hətta ona qəbul da vəd edilir. Şübhə yox ki, Ermənistan və onun yeni baş naziri timsalında belə jestlər isə onu Qərbə sarı daha ürəklə gəlməyə, Rusiyadan daha ürəklə uzaqlaşmağa şirnikləndirmək üçündür. AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsikinin AB-də Paşinyanın çox isti bir münasibətlə qəbul ediləcəyini bildirməsi, NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturayın analoji açıqlaması, Alyansın Ermənistanla əlaqələrin dərinləşməsinə və işğalçı ölkədə islahatlara dəstək verməyə hazır olduqlarını bildirmələri rusları bərk qıcıqlandırır. Çünki bütün bunlar Rusiya ilə əlaqədar bir çox məsələlərə aydınlıq gətirir və rusların əleyhinə olan kampaniyalara reaksiya özünü çox gözlətməyəcək. Moskvanın bu səfərlə bağlı rahatsız olduğu və qıcıqlandığı aydın şəkildə hiss olunur və ən azından, Kremlə yaxın KİV-lərdə və ekspertlərin dilindən narazı ovqat özünü biruzə verir və ekspertlərin Cocuq Mərcanlı səfəri də, verilən açıqlamalar, bəyanatlar da Ermənistan hökumətinə xəbərdarlıq mesajı kimi qiymətləndirilir. Məhz buna görə də Ermənistan içtimaiyyətində yaranan xofu da başa düşmək çətin deyil. Qərb tərəfindən Ermənistanın ünvanına gələn mesajlar pozitiv xarakterli olsa da, Rusiyanın neqativ yanaşması və qısqanclığı səbəbindən bu hal özündə böyük bir təhlükə də daşıyır.
Ermənilər bilir ki, Qərb strukturları ilə yaxınlaşmanın cavabı olaraq Ermənistanın təhlükəsizliyində problemlər yarana bilər
Ermənistanın 1in.am saytında gedən yazılar təsdiq edir ki, ermənilər düşdükləri vəziyyətin fərqindədirlər və başa düşürlər ki, ruslar hələlik eksper çevrələri vasitəsilə işarə vururlar və nəzərə çatdırırlar ki, Qərb strukturları, eyni zamanda NATO ilə yaxınlaşmanın cavabı olaraq Ermənistanın təhlükəsizliyində problemlər yarana bilər. Paşinyan bir az öncə əyani şəkildə şahidi olub ki, Rusiyanın tabeçiliyində olan hərbi hissələrin meydana çıxması uzun illər hakimiyyətdə olan Serj Sarkisyanın hakimiyyətdən getməsini bir anda reallaşdıran ən vacib şərt oldu. İndi təkcə Nikol özü deyil, bütün Ermənistan ictimaiyyəti çox yaxşı bilir ki, ermənilərin ipi rusların əlindədir və istənilən anda işğalçı dövləti yerlə yeksan etmək Rusiya üçün ən adi işdir. Daha doğrusu Ermənistanın məhvi Rusiya üçün an məsələsidir. Çünki, Rusiyanı artıq özündən çıxaran Ermənistan öz süqutu astanasındadır.
Ermənilərin başqa bir nəşrində, armenianreport.com-da Ermənistan hakimiyyətinin Nikol Paşinyanın Brüsselə səfəri ilə bağlı ciddi problem qarşısında olduğu barədə yazılara rast gəlinir və bu da təsdiq edir ki, ermənilər çox yaxşı başa düşürlər ki, inqlabçı baş nazirin davranışları, AB ilə əlaqələr, NATO-ya yaxınlaşma rusların xoşuna gəlmir. Moskva bunu hətta İrəvanın diqqətinə çatdırmaqdan da çəkinməyib və zəruri bilibsə deməli vəziyyət daha kritikdir. Vəziyyətin gərgin olduğunun fərqində olan Ermənistan XİN Rusiyaya izah etməyə çalışırsa da ki, Ermənistan NATO-nun əsas gündəliyində iştiraka görə dəvət olunmayıb, buna inanan və məhəl qoyan yoxdur. Nə qədər izahat verilsə də işğalçı dövlətin səyləri əbəsdir və bütün bunlar Rusiyanı artıq özündən çıxarıb.
“Putin rədd ol” etiraz aksiyasına qatılmış Ermənistanın Təhlükəsizlik Şurasının yeni katibi Armen Qriqoryan da hökumətin əksər üzvü, Paşinyan komandasının adamları kimi Qərbin adamı sayılır. Ümumiyyətlə, Paşinyan öz komandasını qərbyönlü kadrlardan, daha çox istifadə olunan “Sorosun uşaqları”ndan təşkil etməklə, Rusiyanın adamlarını isə kənarlaşdırmaqla onsuz da Moskvanın əsəblərini gərginləşdirmişdi. İndi də Paşinyanın Brüsselə səfəri, NATO-ya yaxınlaşması, Rusiya ilə bağlı məsələ müzakirəsi olacaq sammitə dəvət alması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Doğrudur, Azərbaycanla hərbi balansın yaradılması məsələsi varsa da, Moskva işğalçı ölkəyə silah sursatı, necə deyərlər gülməli qiymətə, yəni, “su qiyməti”nə verib. Belə bir gərginlikdən sonra təsəvvür etmək çətin deyil ki, ermənilərin silah alışı, təchizat məsələləri hansı səviyyədə olacaq. Nəzərə almaq lazımdır ki, bu qədər səfalət içində olan Ermənistanın baha qiymətə başqa ölkələrdən nə silah almaq imkanı var, nə də Rusiya qədər bu işğalçı dövləti dəstəkləyəcək bir dövlət. Bu baxımdan ermənilər hansı dilemma ilə qarşılaşa biləcəklərinin indidən fərqindədirlər və növbəti dəfə erməni hiyləgərliyindən istifadə etməyə məhz buna görə cəhd edərək bu səfərə don geyindirmək qərarına gəlmişdilər. Amma ruslar onların hiyləgərliklərini də, simasızlıqlarını da çoxdan bilirlər və buna görə də indi Rusiya özü üçün ən təhlükəli Ermənistanı hesab edir və xəyanətkarcasına ruslardan üz döndərən bu balaca xalqın görəcəyi hələ bundan sonradır. Azərbaycan kimi qonşu dövlətdən üz döndərməklə, imtiyazlardan məhrum olaraq səfalətə imza atan Ermənistan, Rusiyadan üz döndərməklə, bütün təminatlardan özünü məhrum edərək öz məhvinə imza atdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB