YAP Binəqədi rayon təşkilatının iclası keçirilib

YAP Binəqədi rayon təşkilatının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 2018-ci ilin I yarımilliyi üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş şura iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iclasın gündəliyi haqqında məlumat verib.

Gündəliyə əsasən, bu ilin 11 aprel tarixində keçirilən prezident seçkiləri və dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin parlaq qələbəsindən danışıb. Binəqədi rayonu ərazisində yerləşən seçki dairələri üzrə seçkilərin nəticələrini diqqətə çatdırıb. Bildirib ki, seçkinin nəticələri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin və həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Rayon təşkilatı sədri, eyni zamanda, seçkilər zamanı rayon təşkilatının fəaliyyətindən danışıb.

R.Göyüşov hesabat dövrü ərzində rayon təşkilatı tərəfindən keçirilən tədbirlər və layihələr haqqında ətraflı məlumat verib. Rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun olaraq, hesabat dövründə müxtəlif tarixi günlərə, əlamətdar hadisələrə həsr olunmuş tədbirlər keçirildiyini qeyd edib. Eyni zamanda, çıxışında müxalifət nümayəndələrinin yarıtmaz fəaliyyətindən bəhs edərək, onların ölkəmizdə görülən işlərə qara yaxmağa çalışdıqlarını, müxtəlif şəxsi ambisiyaları ucbatından dövlətimizə şər atdıqlarını söyləyib. Bütün partiya üzvlərini onlara qarşı birləşməyə, ölkəmizin haqlı mövqeyinin, eləcə də, dövlət başçısı İlham Əliyevin uğurlu siyasi xəttinin təbliğ edilməsində səfərbərliyə çağırıb.

Şura iclasında çıxış edən YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı rayon təşkilatının hesabat dövrü ərzində mətbuat və sosial media sahəsindəki fəaliyyətinə həsr olunmuş hesabat məruzəsini təqdim edib. Bildirib ki, rayon təşkilatı media qurumları ilə əlaqələrinin daha da inkişaf etdirilməsi və tədbirlərinin işıqlandırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Həmçinin, dövrümüzdə təbliğat vasitələrindən biri kimi sosial medianın həyatımızdakı artan yerini və rolunu nəzərə almaqla, informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı və günün tələblərindən irəli gələrək öz fəaliyyətini KİV-lərlə yanaşı, sosial media vasitəsilə də üzvlərinə və cəmiyyətə çatdırır.

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək, rayon təşkilatının gənclər birliyi tərəfindən görülən işlər və keçirilən tədbirlər haqqında danışıb. Qeyd edib ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov çıxış edərək bildirib ki, YAP Binəqədi rayon təşkilatı cari ilin I yarımilliyi ərzində fəaliyyətini YAP-ın Nizamnamə və Proqramına, rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurub. Rayon təşkilatı daim səylə çalışıb, təşəbbüskarlıq göstərib, Ümummilli Lider Heydər Əliyev ideyalarının yaşadılmasında və təbliğində mühüm fəaliyyət həyata keçirib. Ölkə Prezidenti Cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi rəhbərliyinin, ölkəmizin davamlı inkişafının və tərəqqisinin cəmiyyətə, insanlara çatdırılması, rayon təşkilatının sıralarının keyfiyyət göstəriciləri baxımından daha da genişlənməsi, partiya üzvləri arasında mövcud əlaqələrin daha da intensivləşdirilməsi və yüksək səviyyəyə çatdırılması istiqamətində yorulmadan çalışıb.

Sonda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə, fərqlənən bir qrup şəxsə Fəxri Fərman təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə