Anders Foq Rasmussen: “Hesab etmirəm ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilsin”

Anders Foq Rasmussen: “Hesab etmirəm ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilsin”

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən NATO sammitinin ilk günündə "raketdən müdafiə sistemi" haqqında qərar təşkilata üzv ölkələrin liderləri tərəfindən qəbul edilib. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, bu NATO-nun yeni strateji konsepsiyasının ən əhəmiyyətli elementlərindən biridir. NATO-nun baş katibi Anders Foq Rasmussen bunu tarixi hadisə kimi qiymətləndirib. Sənəddə 28 üzvü olan hərbi ittifaqın 21-ci əsrdə baş verəcək təhlükələrə qarşı aparacağı mübarizə qeyd edilib. Baş katib Rasmussen 21-ci əsrin təhlükələrini qlobal terrorçuluq, ballistik raketlərin çoxalması və kiber-təhlükəsizliyin olması kimi sıralayıb.

 

NATO Lissabon zirvə toplantısı çərçivəsində təşkilatın baş katibi Anders Foq Rasmussen jurnalistlər üçün mətbuat konfransı keçirib. Cənubi Qafqaz ölkələri, xüsusi ilə də Azərbaycanın NATO ilə əməkdaşlığına dair sualı cavablandıran baş katib, bu əməkdaşlığın olduqca səmərəli və yüksək olduğunu bildirib: "Bizim Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə aramızdakı tərəfdaşlıq bu gün qəbul etdiyimiz yeni strateji konsepsiyamızda da əks olunub və biz bu müddəada aramızda indiyə kimi mövcud olan tərəfdaşlığımızı daha da gücləndirməyi və yeni bir tərəfdaşlıq proqramını da inkişaf etdirmək arzusunda olduğumuzu çox aydın şəkildə qeyd etmişik. Və biz bu ölkələrlə aramızdakı tərəfdaşlığa çox böyük önəm veririk. Əsasən də bu tərəfdaşlıq proqramı çərçivəsində narkotik qaçaqmalçılığı ilə mübarizənin çox səmərəli şəkildə aparıldığını qeyd edə bilərəm. Ona görə də biz bundan sonra da bu münasibətlərə xüsusi diqqət ayıracağıq", - deyə baş katib bildirib.

 

Dağlıq Qarabağ münaqişəsinin həllinə və NATO-nun bu istiqamətdə hansı töhfələri verə biləcəyinə dair suala cavab verən baş katib, NATO-nun bu münaqişənin həllində hansı rol oynaya biləcəyini anlamadığını söyləyib: "Hesab etmirəm ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilsin"-deyə Rasmussen qeyd edib.

 

Bu gün NATO-nun Lissabon zirvə toplantısında isə əsasən NATO-Avropa İttifaqı əməkdaşlıq münasibətləri müzakirə ediləcək. Müzakirələrdə Portuqaliya paytaxtına gəlmiş Türkiyə prezidenti Abdullah Gül də iştirak edir. Türkiyə NATO-Aİ arasındakı "strateji əməkdaşlıq" ifadəsinə qarşı çıxır. Buna səbəb kimi Türkiyə Kipr probleminin hələ hə nizamlanmamasını əsas gətirir. Bundan başqa, NATO-nun bu toplantısı ərzində qəbul ediləcək yeni strateji konsepsiyaya əsasən Alyans təşkilat daxilində müəyyən struktur dəyişiklikləri və hərbi xarakterli ixtisarların edilməsini istəyir.

 

Yeni konsepsiyaya əsasən, NATO Silahlı Qüvvələrində ixtisarlar ediləcək və hal-hazırda 13.000 nəfər olan şəxsi heyət 8 min 950 nəfərə qədər azaldılacaq. Bu da öz növbəsində təşkilatın bir neçə ölkədəki bəzi hərbi qərargahlarının bağlanması deməkdir. Türkiyə isə İzmirdə yerləşən hərbi qərargahi saxlamaq niyyətində olduğunu bildirir.

 

İclasda Azərbaycan da iştirak edəcək. Azərbaycan NATO və digər məsələlər barədə öz mövqeyini çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə