“Bəzi dairələr yanlış fikirlər söyləməklə nələrinsə qarşısını almağa çalışırlar" MÖVQE
“Azərbaycan artıq qara yaxma kampaniyalarına o qədər alışıb ki, bəzi Avropa təşkilatlarının, xüsusilə də AŞPA-nın bir neçə özünü siyasətçi adlandıran üzvünün ölkəmiz əleyhinə fikirləri bizim üçün gözlənilməz deyil. Çünki, Azərbaycan hər bir tarixi nailiyyətin, uğurun beşiyində ikən, hər hansı proseslər gedərkən, beynəlxalq tədbirlər keçirilərkən ölkəmizə qarşı təzyiqlər artır ”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bəzi dairələr heç bir əsası olmayan addımları ilə sanki Azərbaycanı təkləmək, ölkəmizə gəlmək istəyənlərin qarşısını almaq istəyirlər: “Bu dairələr tamamilə yanlış fikirlər söyləməklə nələrinsə qarşısını almağa çalışırlar. Azərbaycan hər zaman məlum olan həqiqətin dünya ictimaiyyətinə çatdırır və biz bir daha söyləmək istəyirik ki, əgər onlar özlərinin dedikləri kimi ədalət tərəfdarlarıdırlarsa, o zaman ölkəmizin 30 ilə yaxındır ki, davam edən haqlı mübarizəsini görsünlər. Milyonlarla qaçqınlarımızı, çətin vəziyyətdə çadırlarda yaşayan insanlarımızı, onlara düşmən tərəfindən edilən zülmləri görəydilər”.
Deputatın sözlərinə görə, sözügedən qüvvələr heç olmasa hazırda Yaxın Şərqdə gedən proseslərə bir nəzər yetirsinlər: “Bütün bunlar bu gün sivil dünyada insanlıq əleyhinə həyata keçirilən qeyri-bəşəri siyasətdir. Nədənsə onlar bunları görərək susur, lakin hansısa ölkənin daxili işinə qarışmağa cəhd edirlər. Bildiyiniz kimi Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçirildi. Seçkini müşahidə etməyə gələn yüzlərlə insan bu prosesin şəffaf, ədalətli şəkildə keçdiyini dediyi halda, nəyə görə birdən bir neçə missioner Azərbaycanın əleyhinə heç bir həqiqətə uyğun olmayan açıqlamalar verdi? Onlar bu gündə bu siyasətlərini davam etdirirlər”.
J.Əliyevanın fikrincə, əslində ölkəmiz əleyhinə danışanlara əhəmiyyət verməmək daha düzgündür: “Çünki yalan ayaq tutar yeriməz. Nə beynəlxalq, nə də yerli ictimaiyyət bu qərəzə heç bir zaman uymur və hər zaman dövlətinin yanındadır. Bu, ölkəmizin gələcəyinə hesablanan və Azərbaycan vətəndaşı tərəfindən atılan ən doğru addım sərgilənən düzgün mövqedir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB