Riçard Morninqstar Metyu Brayzanı Azərbaycanda səfir görmək istəyir

Riçard Morninqstar Metyu Brayzanı Azərbaycanda səfir görmək istəyir

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri işləmək üçün Metyu Brayzanın namizədliyinin tərəfdarı olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Riçard Morninqstar Vaşinqtonda "Amerika-Azərbaycan münasibətləri" mövzusunda beynəlxalq konfransda çıxış edərkən bildirib. "Dövlət Departamentində ABŞ-ın Azərbaycandakı səfiri işləmək üçün Metyu Brayzadan daha real namizəd yoxdur. İndi heç kim onu nə qədər gözləmək lazım gəldiyini deyə bilməz. Lakin belə düşünürəm ki, bu namizədliyə dəstək olmaqdan imtina etsək, Azərbaycandakı dostlarımız sevinməyəcəklər"- deyə, o qeyd edib.

 

O, eyni zamanda çıxışında bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycan arasında münasibətləri davamlılıq və inkişafın birləşdirilməsi ilə xarakterizə etmək olar. Onun sözlərinə görə, Obama administrasiyasının Azərbaycanla uzun və yaxşı tarixə malik qarşılıqlı münasibətlərin səviyyəsinin aşağı salınması məqsədi olmayıb.

 

R.Morninqstar qeyd edib ki, Azərbaycan ABŞ üçün enerji məsələləri və eləcə də digər ikitərəfli və çoxtərəfli məsələlər üzrə strateji ölkə hesab olunur: "ABŞ administrasiyasının siyasəti həmişə Xəzər regionunda və Mərkəzi Asiyada enerji təchizatı mənbələri və yollarının diversifikasiyasına nail olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə