Ölkə başçısı: "Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir"

Ölkə başçısı: "Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir"

"Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir". SİA-nın xəbərinə görə, bu fikirləri Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.

"Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bilib: "Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə