“ABŞ-ın hazırki xarici siyasətini başqa trendlər müəyyələşdirir” MÖVQE

“ABŞ-ın hazırki xarici siyasətini başqa trendlər müəyyələşdirir” MÖVQE

“Donald Tramp administrasiyasını uzaq Cənubi Qafqaz və eləcə də Azərbaycan o qədər də maraqlandırmır. Ona görə də bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brinkin səfərinə o qədər də önəm verməyin tərəfdarı deyiləm. Bu səfər sadəcə, Rusiya və ya İrana incə mesajdır ki, “bölgədə biz də varıq”. Ancaq Vaşinqton bunu deyərkən Bakıya ya dövlət katibinin müavininin köməkçisini, ya da əksinə dövlət katibinin köməkçisinin müavinini göndərir. O da gəlib deyir ki, Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır, Əfqanıstanda birgə əməkdaşlıqdan məmnunuq, enerji resurslarının dünya bazarlarına daşınmasını dəstəkləyirik. Tam rəsmi Bakının istəyinə uyğun açıqlamalardır”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu ABŞ dövlət katibi müavininin müşavirinin Bakıya səfərinə münasibət bildirərkən deyib.

“O ki qaldı, Azərbaycanda növbədənkənar prezident seçkisinə bu Vaşinqtonu az maraqlandırır. Dövlət Departamenti üçün əsas odur ki, Rusiyanın Azərbaycana təsiri olmasın, bunu heç rəsmi Bakı da istəmir. Belə olan halda Vaşinqton niyə növbədənkənar seçkinin əleyhinə olmalıdır ki?

O ki qaldı, “Azadlıq” radosunun Bakıda yenidən fəaliyyətə başlamasına, bəli Dövlət Departamenti radionun Bakıda ofisinin yenidən açılmasını istəyərdi, ancaq bunu yerli hakimiyyət istəmir və amerikalı diplomatlar israr etməyəcəklər. Çünki onlar üçün Bakı ilə müzakirə ediləsi daha vacib mövzular var.

Trampı, onun administrasiyasını, o cümlədən Dövlət Departamentinin indiki rəhbərliyini və yuxarı eşelonundakı diplomatlarını insan haqları və demokratiya mövzuları az maraqlandırır. ABŞ-ın hazırki xarici siyasətini başqa trendlər müəyyələşdirir”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə