Hərbi hissələrdə baş verən qanun pozuntularının qarşısının alınması üçün yeni qurum yaradılacaq

Hərbi hissələrdə baş verən qanun pozuntularının qarşısının alınması üçün yeni qurum yaradılacaq
Bu gün Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin"də, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidmətləri nizamnaməsi"ndə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsi daxil olub.

Gündəliyə daxil olan qanun layihəsi haqqında məlumat verən komitə sədri Ziyafət Əsgərov bildirib ki, layihə Milli Məclisə ölkə başçısı tərəfindən daxil olub. Qanuna edilən dəyişikliyin mahiyyəti haqqında danışan Z. Əsəgərov söyləyib ki,qanuna edilən dəyişikliklər hərbi hissələrdə baş verən qanun pozuntularının, eləcə də cinayətlərin dərindən araşdırılması ilə bağlı yeni yaradılacaq qurumlarla əlaqədardır.

"Hazırda hərbi hissələrdə baş verən qanun pozuntuları cinayət işləri ilə bağlı təhqiqatları həmin hərbi hissələrinin komandirlərinin tapşırığına əsasən təyin olunan şəxslər tərəfindən aparılırdı. Lakin qanuna edilən dəyişiklikdən sonra hərbi hissədə baş verən cinayətlərin araşdırılması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinin nəzdində yeni qurum yaradılacaq. Həmin qurumlar əsasında da hərbi hissələrdə baş verən, qanun pozuntuları, cinayətlər tam araşdırılacaq. İndiyə qədər baş verən cinayətlərin təhqiqatı zamanı təhqiqatçının hüquqşünas olub –olmamasına fikir verilmirdi. Ona görə də bəzi cinayətlərin araşdırılmasında böyük ləngimələr yaranır, hətta işin keyfiyyətinə mane olurdu. Amma yeni dəyişiklik bunu da aradan qaldıracaq. Belə ki, yeni dəyişikliyə əsasən həmin təhqiqat işlərinin aparılmasına hüquqşünaslar cəlb olunacaq",- deyə o qeyd edib.

Z. Əsgərovun sözlərinə görə, qanun pozuntularının və cinayət işlərinin araşdırılması üçün yaradılan qurum müstəqil, lakin hərbi hissələrin nəzdində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, yaradılacaq 5 regional qurum zərurət yaranarsa, digər qoşun növlərində də yaradıla bilər.

Daha sonra çıxış edən komitə üzvləri Aydın Həsənov, Adil Əliyev, Elman Məmmədov, Aydın Mirzəzadə belə bir dəyişikliyin təqdirə layiq olduğunu deyiblər. Bildirilib ki, belə bir qanun hərbi hissələrdə baş verən qanun pozuntularının və cinayətlərin araşdırılmasına böyük təsir etməklə yanaşı belə halların qarşısının alınmasında da öz xidmətlərini göstərəcək. Onlar qanunun qəbul olunması üçün yekdilliklə səs verəcəklərini qeyd ediblər.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə