Sərdar Cəlaloğlu: “AXCP ilə Müsavatın birləşməsi hər iki partiya üzvlərinin sayının azalmasına gətirib çıxaracaq” - MÜNASİBƏT

Sərdar Cəlaloğlu: “AXCP ilə Müsavatın birləşməsi hər iki partiya üzvlərinin sayının azalmasına gətirib çıxaracaq” - MÜNASİBƏT

"Fərdi maraqlar qrup maraqlarına həmişə qalib gəlib. Ona görə, AXCP-Müsavat birliyinin çox asan yol gedəcəyinə, müvəffəqiyyət qazanacağına inanmıram". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, artıq birliyin daxilində çox ziddiyyətli bəyanatlar verilir: "AXCP qurultayında artıq bir neçə qərar qəbul edilib, Arif Hacılı isə deyir ki, bu bizdə müzakirə edilməyib. Necə ola bilər ki, bir tərəfdə qərar qəbul olunub, ancaq digər tərəfdə bu müzakirə olunmayıb? Və ya İsa Qəmbər bəyanat verir ki, bu belə deyil, bizdə bu məsələ müzakirə olunmayıb. Yəni, artıq bir-birini təkzib edən bəyanatlar verilir. Bu onu göstərir ki, proses çox da hamar getməyəcək və ağır olacaq".

 

Partiya sədri qeyd edib ki, siyasi qərarlar siyasi məntiqdən, reallıqlardan çıxmalıdır. S.Cəlaloğlunun sözlərinə görə, reallıqlar sərt şəkildə oldu ki, bu iki partiyanın birləşməsinin alternativi qalmadı: "Yoxsa hər iki partiya siyasi arenada tezliklə asılacaqdı. Xüsusən 2010-cu il parlament seçkilərində Müsavat Partiyasının tutduğu mövqe, yəni siyasi müxalifətin birləşməsinə imkan verməyən mövqeyi iflasla yekunlaşacaq. Həmçinin, AXCP-Müsavat birləşməsi hər iki partiya üzvlərinin sayının azalmasına gətirib çıxaracaq. Bu da təbiidir. Məsələn, biz yeddi birləşmə həyata keçirmişik. Bu birləşmələrdə 20-30 faiz üzvümüzü itirdik. Çünki birləşmənin əleyhinə olan hər iki tərəfdən 10-15 faiz adam olur ki, partiya üzvlüyündən imtina edirlər. Bizim vaxtı ilə İlyas İsmayılovla birləşməyimiz bir neçə ərazi təşkilatının tam itirilməsinə gətirib çıxartdı. Rəsul Quliyevlə birləşəndə də bizdən çoxlu həm nüfuzlu adamlar, həm də bir sıra üzvlərimiz imtina etdi. Yəni, AXCP-Müsavat birləşməsində də çox güman ki, 10 faizə qədər üzv hər iki partiyadan uzaqlaşacaq".

 

Son 20 ildə müxalifətdə kadr dəyişkənliyinin baş vermədiyini bildirən ADP-nin sədri müxalifəti uğursuzluqda günahlandırıb. S.Cəlaloğlunun sözlərinə görə, müxalifətdə siyasi inkişafın olmaması güc balansının azalmasına, eyni zamanda cəmiyyətdə onlara olan münasibətlərin dəyişməsinə gətirib çıxarıb: "Müxalifət cəzbedici olmalıdır ki, insanlar ora üz tutsun. Cəzbedicilik nədir? İnsanlar müxalifətçiliklə hakimiyyətdə təmsil olunma şanslarını görməlidirlər. İnsanlar müxalifət olmaqla cəmiyyətdə yüksək münasibət görməlidirlər. Yəni, xalq bunlara yüksək hörmət göstərir. Həmin şəxslər müxalifətdə olmaqla yeni bir keyfiyyətlərin əldə olunmasını özlərində aşılamağı hiss etməlidirlər. Azərbaycan cəmiyyətində belə bir hal yoxdur. Cəmiyyət bu uğursuzluğu görəndə insanlarda müxalifətə olan maraq sönür. Xalq Müsavata nəyə görə gəlməlidir ki? Çünki hamı başa düşür ki, hakimiyyətə gedən yol müxalifətdən keçmir. Hazırda heç kəs müxalifət liderliyi uğrunda mübarizəyə getmir. Bu da bizim siyasi qüvvələrin inkişafına münbit şərait yaratmır. Rəqabət olmadığına görə, biz yeni-yeni ideyalara heç cəhd də etmirik. Halbuki, rəqabət olmalıdır. Lakin belə bir rəqabət yoxdur. Axı 20 ildir ki, heç bir dəyişiklik yoxdur. Biz nə təklif edək?. Müxalifətdə siyasi inkişaf yoxdur".

 

ADP-in bu seçkilərə Ümid və Aydınlar partiyaları ilə birlikdə "Qarabağ" bloku adı altında qoşulduğunu deyən S.Cəlaloğlu bildirib ki, hazırda rəhbərlik etdiyi partiyada imzatoplama kampaniyasına start verilib: "50+1 nəfər artıq imzaları toplayıb Dairə Seçki Komissiyalarına qaytarıb. Blokumuzdan bir nəfər qeydiyyata alınıb. Qanuna görə, beş gün ərzində sənədlər baxılıb dəyərləndirilməlidir. Hələlik həmin müddət keçmədiyinə görə, bu barədə nəsə münasibət bildirmək tezdir. Lakin ümidvaram ki, bizim üzvlərimizin topladığı imzalarda heç bir qüsur olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə