Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti cari ilin 1 Oktyabr tarixində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahına səfər edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə milli təhlükəsizlik və fövqəladə hallar nazirlərinin müavinləri, dövlət sərhəd xidmətinin rəisi müavini, Müdafiə və Daxili İşlər Nazirliklərinin idarə rəisləri daxil olub.
Səfər çərçivəsində E.Məmmədyarov NATO-nun Baş Katibinin müavini K.Bizonyero ilə ikitərəfli görüş keçirmiş, Şimali Atlantika Şurasının Azərbaycan ilə keçirilmiş "28+1" formatlı iclasında iştirak edib.
Nazir Məmmədyarov öz çıxışında NATO-nun yeni Strateji Konsepsiyası, Azərbaycan-NATO tərəfdaşlığı, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) icrası və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinə toxunub.
Görüş zamanı Azərbaycan-NATO münasibətləri, Azərbaycanın NATO ilə FTƏP-in növbəti iki il üzrə nəzərdə tutulan yeni, üçüncü dövrü, Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, səfər zamanı NATO-nun qarşıdan gələn Lissabon Zirvə Toplantısı, NATO-nun bu toplantı zamanı qəbul edilməsi gözlənilən Yeni Strateji Konsepsiyasının Avro-Atlantik məkanın təhlükəsizliyinə təsiri, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatının gedişatı və ölkəmizin bu əməliyyata töhfəsi məsələləri ətrafında müzakirələr aparılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan-NATO arasında bu cür məsləhətləşmələr ildə bir dəfə keçirilir və hal-hazırda FTƏP-in 2008-2010-cu illəri əhatə edən ikinci mərhələsi həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB