"Beynəlxalq Dəniz günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ölkədə "Xəzər həftəsi"nin qeyd olunması başa çatıb. SİA-nın məlumatına görə, ETSN-nin hazırladığı tədbirlər planına uyğun olaraq "Beynəlxalq Dəniz günü"nün mütəşəkkil keçirilməsi məqsədilə nazirliyin müvafiq qurumları tərəfindən bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə Xəzər dənizinin sahil zolağını məişət tullantılarından təmizləmək üçün iməciliklər təşkil edilmiş, bir sıra təhsil ocaqlarında bioloji resursların mühafizə olunması və artırılması ilə bağlı məruzələr oxunub.
Belə ki, Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara və Yardımlı inzibati ərazilərini əhatə edən 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları Lənkəran-Astara rayonlarının Xəzər dənizi boyu 10 kilometrlik sahil zolağında bələdiyyə işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iməcilik keçirərək ərazini, ümumilikdə 8 ton məişət və digər növ tullantılardan təmizləyiblər. Lənkəran Dövlət Universitetində, eləcə də Astara və Lənkəran şəhərlərinin orta məktəblərində ekoloji mövzularda çıxışlar təşkil olunub.
3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Sabirabad rayonlarının təhsil, mədəniyyət ocaqları, aidiyyəti idarə və müəssisələrində Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxumuş, Neftçala rayonu ərazisində Xəzər dənizi sahil zolağında iməcilik keçiriblər.
Sumqayıt, Abşeron, Qobustan, Xızı inzibati ərazilərini əhatə edən 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları bir sıra orta məktəblərdə Xəzərin mühafizəsi ilə bağlı görülmüş işlər barədə məlumatlar vermiş, "Mavi Xəzərimiz" mövzusunda mühazirələr oxumuş və məktəbliləri maraqlandıran sualları cavablandırıblar. Tədbirlər planına əsasən sahil zolağı ərazilərdə icra, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə 5 hektar ərazidən 15 ton məişət və sənaye tullantıları zibil poliqonuna daşınıb.
5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları da tədbirlər planına əsasən Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən inzibati ərazilərinin bir sıra orta məktəblərində "Dəniz və okeanların bioresurslarının qorunub saxlanması" mövzusunda mühazirələr oxuyublar. Eyni zamanda, Müxtədir və Nabran inzibati ərazilərində bələdiyyə, icra nümayəndələri və məktəb kollektivi ilə birgə keçirilən iməcilikdə 20 hektar dənizkənarı sahə 30 ton məişət və digər növ tullantılardan təmizlənib.
Həmçinin, 30 Sentyabr 2010-cu il tarixində Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Xıllı Nərə Balıqartırma zavodunda olublar. Burada jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqlar nümayiş etdirilmiş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Bununla da, Nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq "Xəzər həftəsi" çərçivəsində nəzərdə tutulan bütün mədəni-kütləvi, ictimaiyyətin maarifləndirilməsinə xidmət edən tədbirləri başa çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB