Son günlər siyasiləşmiş QHT-lər bir zamanlar bir yerdə olduqları AXCP və Müsavata qarşı müəyyən ittihamlarla çıxış etməyə başlayıblar. Ziddiyyətlərin və qarşıdurmaların yaranmasının səbəbinin önə çıxmaq iddiası olduğu bildirilsə də, başlıca amilin xaricdən ayrılan maliyyə vəsaitinin bölgüsü məsələsində ortaq fikirə gələ bilməmələridir. Söhbət etdiyimiz müsahiblərimiz də maraqların toqquşmasının tərəflərarası qarşıdurmanın yaranmasına gətirib çıxartdığını bildirdilər.
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:
- Özlərini müxalifət adlandıran və xaricdən maliyyələşən qüvvələrlə siyasiləşmiş QHT-lər eyni yerdən-mərkəzdən idarə olunurlar. Xaricdə olan havadarları bunlara siyasiləşmiş QHT-lər vasitəsi ilə pullar ötürürlər ki, ölkəmizdə xoşagəlməz bir vəziyyət yaratsınlar. Amma onların nə etmələrindən asılı olmayaraq heç vaxt istər xarici qüvvələrin, istərsə də radikal müxalifətin ölkəmizlə bağlı məkrli niyyətləri həyata keçməyib və bundan sonra da keçməyəcəkdir. Müxalifət partiyaları, həm də siyasiləşmiş QHT-lərə eyni mərkəzlərdən tapşırıqlar verilir. Siyasiləşmiş QHT-lərin bir zamanlar bir yerdə olduqları AXCP və Müsavata qarşı ittihamlarla çıxış etmələrinin əsas səbəbi də xaricdən bunlara gələn pulları bölüşdürə bilməmələri ilə bağlıdır. Fərdi maraq onlar arasında düşmənçilik münasibətlərini daha da dərinləşdirəcək.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Xaricdə olan qüvvələr də heç vaxt siyasiləşmiş QHT-lərə boş-boşuna maliyyə vəsaiti ödəməz. Xarici maraqlı dairələr məkrli planlarının həyata keçirilməsi üçün müxalifətyönlü QHT-lərə pul buraxırlar. Qarşılıqlı ittihamlar və münasibətlərin gərginləşməsi də daha çox maliyyə yardımı əldə etmək üstündə baş verir. Ümumiyyətlə, onları birləşdirən və ayıran səbəb, məhz maliyyə məsələləridir.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:
- Burda bir neçə məqam vardır. Dağıdıcı müxalif partiyalarının ətrafında olan siyasiləşmiş QHT-lər ona görə yaradılmışdır ki, onların vasitəsilə xaricdən qrant alaraq siyasi məqsədlərə sərf edilsin. Dəfələrlə şahidi olmuşuq ki, maliyyə bölgüsü zamanı da bunların arasında daim ixtilaflar yaranıb. Digər bir məqam isə, artıq o QHT-lər mövcud qanunvericiliyə uyğun olaraq xaricdən mənbəyi və məqsədi məlum olmayan qrantları alsalar da, onu Azərbaycanda həyata keçirməkdə çətinlik çəkirlər. Çünki onlardan şəffaflıq tələb olunduqda, maliyyəni nəyə sərf etdiklərini hesabat şəklində verə bilmirlər. Bu da artıq həmin QHT-in maliyyə qazanması istiqamətində çətinlik yaratdığından, aralarında konfliktlərin yaranmasına gətirib çıxarır. Çünki bunların məqsədi maliyyə vəsaiti qazanmaq olduğundan, bu prespektiv artıq real olmadıqda, əməkdaşlıqları da pozulur və aralarında konflikt yaranır ki, bu da qarşılıqlı ittihamlarla müşahidə olunur. Bir məqam da odur ki, bu siyasi qrumlar uzun muddət ancaq vəd verməklə bəzi siyasiləşmiş QHT-lər ətraflarında saxlamağa cəhd edirdilər. Həmin QHT-lər artıq aldadıqlarını başa düşürlər ki, bu da onların ittihamlarla çıxış etmələrinə gətirib çıxarır. Ancaq ümumiyyətlə götürsək, bunları bir-birinə bağlayan hər hansısa bir milli maraq və ya ideya olmadığına görə, aralarında qarşılıqlı ittihamları və konfliktlər çox müşahidə olunacaq.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB