Azərbaycan Aİ ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir ŞƏRH

Azərbaycan Aİ ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir ŞƏRH

İlham Əliyev: “Azərbaycan geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkədir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündən irəli gələn əhəmiyyətli məqamlardan biri də ölkə başçımızın Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin imzalanması baxımından irəli sürdüyü mühüm fikirləridir. Belə ki, bu sazişin ikitərəfli münasibətlərdə yeni səhifə açacağını vurğulayan dövlət başçımıza görə, Azərbaycan müxtəlif sahələr üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.

Misal üçün, enerji sahəsində aparılan əməkdaşlıq buna bariz nümunədir. Daha dəqiq desək, Azərbaycan hazırda beynəlxalq aləmdə enerji təhlükəsizliyi və təminatçısı olaraq öz xüsusi yerini tutmaqdadır. Məhz bu baxımdan, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bu məsələni önə çəkərək bir daha xatırladıb ki, Azərbaycan dünyada böyük enerji ehtiyatları, şaxələndirilmiş ixrac potensialı olan olan ölkə kimi tanınır. Eyni zamanda, bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. O cümlədən, ölkəmizin bu kimi mühüm sahədəki yerinin vacibliyi ətrafında da danışılarkən vurğulanıb ki, Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir.

Azərbaycan üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq

Daha bir əhəmiyyətli məqam, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olaraq çıxış etməsidir. Artıq Avropa məkanında ölkəmizin bu və bu kimi digər bənzər layihələrdə əsas təşəbbüskar, eləcə də ideyaverici ölkə olaraq çıxış etməsi xüsusi ilə diqqətə alınmaqdadır. Buna isə kifayət qədər əsas var. Məsələn, Azərbaycanın minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Eyni zamanda, Azərbaycan üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir.

Söz yox ki, nəqliyyat sahəsində də mühüm nailiyyətlər əldə olunmaqdadır. Belə ki, burada ölkəmizin əsas maraqlarından biri Azərbaycanın bu sahədə aparıcı rol alması faktorudur. Yəni, ölkə rəhbərliyinin başlıca hədəflərdən biri Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir ki, burada müsbət nəticələrə doğru addımlar atılmaqda davam edir.

Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması mövcuddur

Misal üçün, Azərbaycanı qonşu ölkələrlə birləşdirən bütün magistrallar müasirləşdirilib, ölkədə altı beynəlxalq hava limanını inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi sürətlə aparılmaqdadır. Eyni zamanda, dövlət başçımız da vurğulayıb ki, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması mövcuddur və qarşıdan gələn 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Bununla da Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırmış olacaq.

Qeyd edilən sahələrlə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə sıx siyasi əlaqələrinin daha da möhkəmləndirilməsi fonunda mühüm addımlar atılmaqdadır.

Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq

Buna misal kimi, Azərbaycan Prezidentinin cari ilin fevralında Brüsselə səfərini qeyd edə bilərik. Məhz həmin səfər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinə yeni impuls vermiş oldu. Habelə, Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Çünki Azərbaycan da Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu prioritet hesab edir. Dövlət başçımız bu xüsusda fikirlərini önə sürərkən vurğulayıb ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışır və onların üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradılmışdır. Bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir.

“Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir”-deyə qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkədir”.

Belə ki, “Şərq Tərəfdaşlığı” proqramının iki üzvü Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə isə Assosiasiya Sazişini imzalamış ölkədir. Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən Azərbaycanın mövqeyinin əsasını təşkil edir.

Beləliklə, sazişin imzalanması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan müstəqil və güclü dövlət olmaqla yanaşı, Avropa məkanında xüsusi çəkiyə malik olan dövlətlər sırasında yer almaqdadır. Bu mühüm faktor isə dövlətimizin beynəlxalq aləmdəki siyasi, iqtisadi və s. sahələrə aid mövqeyinin davamlı, möhkəm olmasına kifayət qədər imkan yaradır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə