Avropa İttifaqı ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə danışıqların növbəti plenar iclası keçiriləcək
Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında 4-5 oktyabr 2010-cu il tarixində Assosiasiya Sazişi üzrə danışıqların növbəti plenar iclası keçiriləcək. SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclas zamanı Assosiasiya Sazişi üzrə açılmış fəsillər ətrafında danışıqların aparılması və müvafiq mətn layihələri üzrə müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Həmçinin, 6-7 oktyabr 2010-cu il tarixində Brüsseldə Avropa Qonşuluq Siyasəti ölkələrinin yüksək səviyyəli mütəxəssislərinin iclası keçiriləcək. Tədbirin məqsədi Avropa İttifaqı ilə Avropa Qonşuluq Siyasəti ölkələri arasında cari əməkdaşlığın yenidən nəzərdən keçirilməsi, növbəti 20 il ərzində əlaqələrin perspektivləri və prioritetlərin müzakirəsi və ümumiyyətlə mövcud çatışmazlıqların müəyyən edilərək onların aradan qaldırılmasının müzakirəsi olacaq.
Hər iki tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB