Gəncədə YAP-ın yaranmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr olunmuş geniş tədbirlər planına uyğun olaraq YAP Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində gənclərlə görüş keçirilib. SİA-ya verilən məlumata görə, görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Universitetin elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, Universitetin tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov,partiya fəalları, tələbə-gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP GDU ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə partiyanın 25 illiyinin ölkəmizin hər yerində olduğu kimi, qədim mədəniyyət mərkəzi Gəncədə də möhtəşəm zəfərlərin təzahürü olaraq yüksək təntənələrlə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirib. Gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd edən millət vəkili, Gəncə gənclərinin də ölkə başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, Gəncənin çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.

Naqif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətindən də danışıb, həmçinin, dövlətimizin başçısının proqram xarakterli nitqinin hər bir azərbaycanlı kimi, partiyanın üzvləri qarşısında da yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Millət vəkili Pərvin Kərimzadə YAP Gəncə şəhər Təşkilatında gənclərlə aparılan işlərdən ətraflı bəhs edib, onların şəhər təşkilatının tədbirlərində fəallıqları ilə seçildiyini, təşkilatın gəncləri önə çəkdiyini bildirib.

Pərvin Kərimzadə gənclərə bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmağı tövsiyə edib.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Universitetin tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, tarix fakültəsinin müəllimi Emma Aslanova və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır.

Sonda YAP sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə