Türkiyə-İran yaxınlaşması ANALİTİK

Türkiyə-İran yaxınlaşması ANALİTİK

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Islam Respublikasına rəsmi səfəri baş tutub və onun qonşu ölkədə İranın ali dini lideri Seyid Əli Xamneyi, eləcə də prezident Həsən Ruhani ilə mühüm görüşlər keçirilməsi dünyanın diqqəti mərkəzindədir. O cümlədən, Ərdoğanın rəsmi Tehran səfəri çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü toplantısının da keçirilməsi özündə bir çox əhəmiyyətli məqamları ehtiva etməkdədir. Verilən məlumatlardan da bəlli olur ki, Türkiyənin dövlət başçısının İranın ali rəhbərliyi ilə görüşündə əsasən, hər iki ölkənin qonşusu sayılan İraqın şimalında keçirilmiş separatçı “kürd referendumu”, Suriya böhranının həlli və İraqla Suriyanın ərazi bütövlüyünün qorunması məsələləri, o cümlədən, ölkələr arasındakı ticari dövriyyənin artırılması əsas müzakirə mövzularıdır.

Bu kimi məsələləri Türkiyə mətbuatı da qeyd edir və bildirilir ki, Ərdoğan İrana üç mühüm sənədlə gedib. Belə ki, SİA-nın əldə etdiyi məlumatına görə, “Takvim” qəzetinin elektron variantında həmin sənədlərin mahiyyəti barədə informasiya yerləşdirib. Misal üçün, qeyd edilənlərlə yanaşı, Ərdoğan və Ruhani arasında baş tutacaq görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 30 milyard dollara qədər yüksəldilməsi barədə fikir mübadilələri aparılacaq. Ümumiyyətlə, nəzərə alsaq ki, hər iki ölkə, həm İran, həm də Türkiyə Azərbaycanla həmsərhəd olmaqla yanaşı, eyni zamanda tarixi köklərə bağlı olan ölkələrdir, belə olan halda istər siyasi, istərsə də iqtisadi faktor yanaşmalarında əldə edilmiş hər hansı bir ümumi razılaşmalar istər-istəməz ölkəmizə də müəyyən müsbət təsirlərini göstərə bilər. Çünki Azərbaycanın regional və beynəlxalq layihələrdə aparıcı, yaxud da təşəbbüskar rolunda çıxış etməsi fonunda atılan münbit addımlar və verilən qərarların hər birində qonşu ölkələrin də maraqları diqqətə alınır. Bu baxımdan, Türkiyə və İran ölkə rəhbərlərinin də görüşlərində razılaşdırılan fikirlərin Azərbaycanın maraqları təminatında yer alması şübhəsizdir.

Yeri gəlmişkən, biz elə də uzağa getməyərək, Bakıda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş Azərbaycan-İran İslam Respublikası və Rusiya Federasiyası dövlət başçılarının zirvə görüşünü xatırlaya bilərik. Əbəs yerə deyil ki, bu zirvə görüşü Türkiyə mediasında diqqətə alınaraq maraqla izlənilmişdi. Məlumatlarda Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün tarixi əhəmiyyət daşıdığı bildirilərək, üç ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından da önəmli olduğu vurğulanmışdı. Artiq həmin tarixi zirvə görüşünün də müsbət nəticələri göz önündədir.

Bundan başqa, Türkiyə KİV-i Azərbaycan-Rusiya, Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı məsələlərindən də bəhs edərək, bu görüşlərin ümumilikdə regiona müsbət nəticələr verəcəyi barədə şərhlər, ekspert açıqlamaları yerləşdirmişdi.

Daha bir əhəmiyyətli məqam isə yaxın vaxtlarda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin verdiyi bəyanatıdır. Səfir həmin bəyanatında Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün də bu il Tehranda keçiriləcəyini təsdiqləmişdi.

Məhz belə bir qarşılıqlı anlaşma mühitində baş tutan görüşlərin hər biri bilavasitə mehriban qonşuluq siyasətinin bariz nəticəsi olaraq qiymətləndirilə bilər. Regionda ümumi maraqlar kontekstindən yürüdülən və yürüdüləcək hər bir bənzər siyasi qərarlar bilavasitə regionda sülhün təminatı, eləcə də iqtisadi inkişaf perspektivlərini artırmaqdadır.

Əgər nəzərə alsaq ki, Azərbaycan artıq uzun illərdir ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ilə üzləşir və Dağlıq Qarabağda separatçılıq toxumu bu gün də cücərməkdədir, bu zaman Türkiyə və İran dövlət başçılarının Şimali İraqda baş qaldıran separatçılığa qarşı birgə siyasi qərarlar vermələri yalnız alqışlana bilər. Çünki növbəti hədəfin məhz işğalçı Ermənistan və separatçı “DQR” olması kifayət qədər mümkün görünür. Belə ki, bu gün Ermənistanın hakim siyasi elitası istər gizli, istərsə də açıq şəkildə Şimali İraqda keçirilmiş “referendumu” dəstəkləyir. Baxmayaraq ki, Ermənistanın asılı olduğu Rusiya Federasiyası İraqın ərazi bütövlüyünü dəstəklədiyi barədə qərarını rəsmi şəkildə açıqlayıb.

O cümlədən, Rusiyanın son dövrlərdə Türkiyə, eləcə də İranla isti münasibətlərinin köklü dayaqlara söykənməsi amili bu məsələdə vahid mövqenin yaranmasına, xüsusilə, “İslam Dövləti” və s. terror qruplarına qarşı Suriyadakı mübarizədə eyni baxışdan çıxış etmələrinə münbit imkanlar verir.

Qeyd olunanlarla yanaşı, bu gün Türkiyə və İranın istər Türkiyədə PKK, istərsə də İranda PJAK kimi kürd separatçı və terror təşkilatlarına qarşı mübarizələri ortaq məxrəci bölüşür, həmçinin, Şimali İraqda qondarma referendumun keçirilməsi də bu dövlətlərin maraqlarına qarşıdır onda bu ölkələrin ümumilikdə regionda separatçılığa, terrorizmə qarşı mübarizələri yalnız güclənə bilər.

Başqa tərəfdən, hazırda beynəlxalq ictimaiyyət Qərb siyasətinin sürətlə fiaskoya uğramasının şahidlərinə çevrilməkdədir. Bu gün Qərb siyasi tandeminin Şərq siyasi tandemi ilə əvəzlənməsi də özündə bu amilləri aşkar olaraq göstərməkdədir. Qərbin siyasi dairələrinin müsəlman ölkələrində oynadıqları oyunlar artıq qoca qitənin özünə ciddi siyasi və iqtisadi fəsadlar verir ki, biz Türkiyənin dövlət başçısının İrana rəsmi səfəri çərçivəsində deyilənləri aşkar olaraq görməkdəyik. Daha dəqiq desək, hərbi-siyasi faktorlarla yanaşı, bölgədə yeni iqtisadi mühitin yaranması, Azərbaycanın da həmin mühitdə vacib yer alması artıq reallığa çevrilib.

Beləliklə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran İslam Respublikasına rəsmi səfəri və bu ölkədə əldə ediləcək hər bir razılaşma regionda birlik və bərabərliyə doğru atılan növbəti tarixi addım olaraq dəyərləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə