Əli Kərimli dindarları aksiyaya dəvət etsə də... TƏRS BAXIŞ

AXCP sədri Əli Kərimli “Milli Şura”nın ötən aksiyasında üzləşdiyi uğursuzluqdan və rüsvayçılıqdan sonra növbəti dəfə siyasi xilasını dindar kəsimdə axtarmağa başlayıb. Daha dəqiq desək, o bu dəfə də barmaqlarının gücünü verib klaviaturaya və feysbuk sosial şəbəkəsi vasitəsi ilə inanclı kəsimi “siyasi məhbusların” azadlığa çıxmasında fəal olmağa, keçirmək istədiyi aksiyasına qatılmağa səsləyib. Lakin ortada bir maraqlı nüans diqqətdən yayınmayıb. Məsələ ondadır ki, palaz müraciətində əvvəlcə dindarlara dəstək vermək çağırışını edən Ə.Kərimli sonradan yavaş-yavaş məsələni tamamilə əks istiqamətə çevirərək, “Milli Şura”nın məlum səbəblərə görə həbs olunmuş şəxslərinin azad olunması vacibliyindən yazıb (?-R.R.).

Söz yox ki, AXCP sədri burada bilavasitə şəxsi məqsədlərini güdür və inanclı kəsimi öz tərəfinə çəkmək cəhdi də buna görədir. Daha dəqiq desək, Ə.Kərimlinin kirli ambisiyasından və satqınçılıq xislətindən irəli gələn məsələ də budur ki, o Natdaran hadisələrinin bilavasitə təşkilatçısı Tale Bağırzadənin həbsindən siyasi maraqları üçün istifadə edir. Bəzi dindarlar isə bu oyuna gedərək, özlərini digər dindarlar, yəni Ə.Kərimlini rədd edənlər qarşısında rüsvay edirlər. Çünki ortada digər bir ilginc nüans da var.

Sirr deyil ki, hazırda Almaniyada fəaliyyət göstərən və Azərbaycan əleyhinə işləyən xarici dairələrlə sıx iş birliyi quran “meydan tv” də AXCP sədri Əli Kərimlinin çirkin siyasətini dəstəkləyən, onunla əlbir olan müxalifətyönlü media qurumudur. Lakin bu “tv”-nin Ə.Kərimlinin dindarları mitinqə çağırması ərəfəsində şəkil paylaşması, eləcə də dini mərasimi ələ salan fikirlər yazması, həmin fikrin sosial şəbəkədə ictimailəşdirməsi vəziyyəti AXCP sədrinin əleyhinə işləyib. Artıq, onun çağırışının ardınca gedənlər, vaxtilə dəstək göstərənlər indi əks mövqe sərgiləməyə başlayıblar.

Misal üçün, “meydan tv”nin Aşura dini mərasiminə qarşı şəkillər paylaşmasaının ardınca, bir çox inanclı insanın fikirləri diqqət çəkib. Məsələn, Rəşad Yusifli adlı inanclı şəxs yazır: “Möminlər də 7 oktyabr mitinqinə hazırlaşır...Gör kimin arxasınca !!!”,

İlkin Məmmədov adlı dindar isə qeyd edir: “Kərbəlayi, bunlar başlarından başqa haraları ilə desən fikirləşərlər. Bunlara qarşı sən saydığını-say, mən təharətə (yəni ayaq yoluna-R.R.) gedib-gələcəm prinsipinə əsasən yola ver getsin kampaniyasından istifadə eləmək lazımdı. Belələrinə baş qatmaq boş vaxt itkisindən başqa bir şey deyil, ona görə də boş vaxt sərf etdiyinə bir dənə mərsiyə oxu özün üçün”.

Taleh Əsmərov adlı inanclı yazır: “Meydan tv yox, şeytan tv!”.

İsmayıl Əhmədov adlı feysbuk istifadəçisi isə daha sərt fikir bildirib: “And ola Allaha ki, bunların ya anası xarabdı, ya da ataları. O ki, qaldı İmam Hüseyni tanımayalar”.

Göründüyü kimi, “Milli Şura”nın mitinqi üçün özünü dindarlara yaxın göstərməyə çalışan AXCP sdəri Ə.Kərimlinin çağırışları nədənsə “meydan tv” tərəfindən “vurulub”. Burada isə digər ilginc faktların olması şübhəsizdir. Çox yəqin ki, ötən mitinqdə “Milli Şura” ilə “meydan tv” aralarında nəyisə bölə bilməyiblər. Bu baxımdan, dini inanclıların baxışlarını rişxənd edən “meydan tv” həmin vasitə ilə Ə.Kərimlidən öz almağa çalışır. Ortada isə məlum faktlar və Ə.Kərimlinin ətrafında yaşanan bəlli rüsvayçılıqlar qalır.

Və əgər nəzərə alsaq ki, ötən aksiyada Ə.Kərimlinin “sağdışı” Gültəkin Hacıbəylinin Azərbaycan Ordusu və əsgər-zabit heyəti barədə dediyi fikirləri dərhal Ermənistan mediasında yayımlandı, bu zaman bəzi inanclıların hələ də düşmənin dəyirmanına su tökən Kərimlinin yanında vurnuxmaları anlaşılan deyil.

Hər halda, görünən dağa nə bələdçi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə