Ərdoğanın İrana tarixi səfəri başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarə bir qədər əvvəl Tehran hava limanına enib. SİA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan səfər çərçivəsində İranın ali dini lideri Seyid Əli Xamneyi və prezidenti Həsən Ruhani ilə mühüm görüşlər keçirəcək.

Türkiyə prezidentini Tehranın “Mehrabad” hava limanında İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar, Türkiyənin İrandakı səfiri Rıza Hakan Tekin və digər rəsmi şəxslər qarşılayıb.

Prezident Ərdoğanı müşayiət edən heyətdə isə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülent Tüfenkci, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, milli müdafiə naziri Nurettin Canikli, AKP sədrinin müavini Mehdi Eker təmsil olunurlar.

Ərdoğanın Tehran səfəri çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü toplantısı da keçiriləcək.

Məlumata görə, Ərdoğanın İranın ali rəhbərliyi ilə görüşündə əsasən, İraqın şimalında keçirilmiş “kürd referendumu”, Suriya böhranının həlli və İraqla Suriyanın ərazi bütövlüyünün qorunması məsələləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...