“İrandan, Rusiyadan, Gürcüstandan, Cənubi Kiprdən, Avropadan, Amerikadan olan bir siyasətçidən, yaxud turistdən bu hərəkəti gözləmək olardı, amma Türkiyə vətəndaşlarından yox. Ən azından Türkiyədə yaşayan hər kəs Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, Dağlıq Qarabağda qondarma respublika qurduğunu, separatçılıq siyasəti yürütdüyünü, Türkiyəni qondarma “erməni soyqırımı” törətməkdə ittiham etdiyini dəqiq bilir. Elə bir şəxs tapılmaz ki, bundan bixəbər olsun. Bəs onda Türkiyənin bir qrup tanınmışlarının işğal altındakı Azərbaycan torpaqlarına səfər etməsinə nə ad vermək olar? Üstəlik həmin ziya(n)lıların Xankəndində Türkiyəni “erməni soyqırımı”nda suçlamasını, Azərbaycana da iftira atmasını tərəzinin hansı gözünə qoyaq? Əksinə, bunu nə qardaşlığa, nə yoldaşlığa, nə dostluğa, nə də “xalq diplomatiyası” adlı dişsiz münasibət formuluna yozmaq olmur. Məgər Türkiyədə dövlət bir, millət başqa hava çalır? Məgər vətəndaşın dövləti qarşısında heç bir öhdəliyi yoxdurmu? Bunlar mağara insanlarıdırmı? Yox, hər biri necə deyərlər, yerin altını da, üstünü də bilən adamlardır. Bəs onda bütün bunları bilən ziyalıları Xankəndinə hansı istək aparmışdı? Bunun bir adı var, XƏYANƏT! Türkiyəyə xəyanət, Azərbaycana xəyanət, yeniyin çörəyə, içdiyin suya xəyanət!
Amma Türkiyənin bu şəxslərə qarşı heç bir tədbir görməməsi insanları düşünməyə vadar edir. Tutaq ki, Türkiyə dövlətinin başı ölkənin cənubunda baş verən qlobal hadisələrə qarışıb. Bəlkə də sabah başlanacaq müharibə səbəbindən qardaş ölkə üçün ziyalıların Xankəndi səfəri xırda məsələdir. Amma vətəndaşlarının bu sayaq xəyanətlərə imza atmaması üçün aidiyyəti orqanlar əllərini yanına salmamalı, gərəkirsə hər kəsin yanına birini qoymalıdır ki, qardaşlarını incidən, küsdürən bir hərəkət etməsinlər.
Türkiyədən açıqlamalar gəlir. Yazırlar ki, guya Xankəndinə səfər edən bu yaramazlar erməni kökənli imişlər. Və bununla da kimlərsə vəziyyətdən çıxmağa cəhd edir. Əcəba, Türkiyədə yaşayan ermənilər bu dövlətin vətəndaşları deyilmi, onlar Türkiyə qanunlarına tabe deyillərmi? Belə çıxır ki, sabah Ermənistan Türkiyə ilə müharibəyə başlasa qardaş ölkədə yaşayan ermənilərin silahı kimə tuşlayacağı indidən bəllidir. Vay Türkiyənin halına. Bəs nə bilmişdiniz, 1915-ci ildə də belə olmuşdu, Rus ordusu Anadolunun şərq hissəsini işğal edən kimi ermənilərin birinci işi əllərinə silah götürüb türklərə qarşı vuruşmaq oldu. Nəticədə əzildilər, məhv edildilər. İndi də sübut etməyə çalışırlar ki, türklər etnik ayrıseçkilik edib dinc ermənilərə qarşı “soyqırımı” törədiblər.
Bu gün yoxsa tarix təkrar olunur? Ermənilər bütün vasitələrdən istifadə edirlər ki, əsəblərimizi tarıma çəksinlər, köhnə əməllərini yeni formada tətbiq etsinlər. Və bunu çox ustalıqla edirlər. Məsələn, Türkiyədə redaktoru erməni olan qəzetlərdə qondarma “erməni soyqırımı” haqda məqalələr yazır, toplantılar keçirir, xaricilərin təmsil olunduğu konfranslar təşkil edirlər. Hər kəsin – dövlət orqanlarını, ictimaiyyətin xəbərdar olduğu yığıncaqlarda yeganə mövzu – “erməni soyqırımı” yalanı təbliğ olunur. Bilirlər ki, Türkiyədə tolerantlıq ən azından ermənilərə xətər yetirməyəcək qədərdir. Nə istəsələr danışa, qara yaxa, iftira ata bilərlər.
Türkiyə vətəndaşları olan bu türkləşmiş ermənilər nə söylədiyimizi yaxşı bilirlər. Ən dəqiqi isə Azərbaycanın bu kvarteti həbs etdirmək üçün Türkiyəyə müraciət edəcəyini, lakin heç bir səmərə verməyəcəyini güman edirlər. Amma Azərbaycan bu məsələdə çox israrlı görünür. Üç ölkənin vətəndaşı olan Lapşini Bakıya gətirən dövlətimiz dörd “dığa”nı qandallamağı da bacaracaq. Belə olmasa Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda bura qanunsuz səfər edən çox yadellinin izini görəcəyik.
Vəli VƏLİYEV
P.S. Rusiya vətəndaşı olan azərbaycanlı Dilqəm iki dostu ilə Kəlbəcərə - ata yurduna anasının məzarını ziyarət etmək üçün getmişdi. Erməni separatçıları onu və dostunu həbs ediblər, üçüncünü, Həsəni isə vəhşicəsinə qətlə yetiriblər. Azərbaycandan başqa hər kəs susdu. Bütün dünya ölkələri tərəfindən Azərbaycan ərazisi sayılan Xankəndinə səfər edən erməni kökənli 4 nəfər isə Türkiyə vətəndaşıdır. Sərhədlərimizi pozduqlarına görə, ermənilərin dördü də Azərbaycan tərəfinə təhvil verilməli, onlar məhkəmə önünə çıxarılıb cəzalandırımalıdırlar. Görəcəyik, bu susqunluq davam edəcəkmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB