"Ən qabiliyyətli uşaqlar yoxsul təbəqədən çıxır"

"Ən qabiliyyətli uşaqlar yoxsul təbəqədən çıxır"

"Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı Əli Məsimli məlumat verib. Layihənin beynəlxalq təcrübələr əsasında hazırlandığını dilə gətirən millət vəkili bildirib ki, burada bəzi ölkələrin mövcud qanunvericiliyindən istifadə olunsa da, bir çox fərqlər var: "Məsələn, qanun layihəsində təhsil krediti sosial və kommersiya xarakterli iki qrupa ayrılıb. Sosial xarakterli təhsili faizsiz, kommersiya xarakterli təhsil kreditinin isə maksimum illik 5%-lə verilməsi əksini tapıb. Təhsil kreditinin müddəti 20 ildir və girov yoxdur. Təhsil kreditini götürən şəxslər oxuduqları müddətdə krediti qaytarmır. Ali məktəbi bitirəndən sonra 1 il möhlət verilir. İşə başlayandan sonra birinci il yalnız maaşının 20%-i kreditin geri qaytarılmasına ödənilə bilər. Kredit sonra hissə-hissə ödənilməlidir".

Qanun layihəsində bəzi həvəsləndirici məqamların olduğunu söyləyən millət vəkili bildirib ki, layihədə əla oxuyanların sosial xarakterli təhsil kreditini ödəməkdən, kommersiya kreditinin isə faizini ödəməkdən azad olunması təklif olunur. Onun sözlərinə görə, bu təklif tələbələrin daha yaxşı oxumasına müsbət təsir göstərəcək. Layihənin sosial vəziyyəti aşağı olan insanlar üçün nəzərdə tutulduğunu deyən Ə. Məsimli vurğulayıb ki, hazırda dövlət məktəblərində fakültələrin 55 faizinin pullu olması sosial vəziyyəti aşağı olan abituriyentlərin oxumamasına dəlalət edir: "Amma ümumi götürəndə hamıya aydındır ki, ən qabiliyyətli uşaqlar yoxsul təbəqədən çıxır. Bu layihə həmin təbəqənin oxumasına imkan yaradacaq".

Qeyd edək ki, qanun layihəsi deputat Əli Məsimli tərəfindən hazırlanıb və deputat Vahid Əhmədov tərəfindən Milli Məclisə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə