ATƏT-in Müşahidə Missiyasının üzvləri Məzahir Pənahovla görüşüb

ATƏT-in Müşahidə Missiyasının üzvləri Məzahir Pənahovla görüşüb

Sentyabrın 28-də səfir Odri Qloverin başçılıq etdiyi ATƏT-in Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

MSK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaqları salamlayan sədr bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi zamanı aşkarlıq prinsiplərinə riayət olunmasına böyük əhəmiyyət verir, seçki komissiyalarının fəaliyyətinin, seçki prosesinin şəffaf olması üçün bütün qanuni addımları atır.

Müşhaidə Missiyasının rəhbəri Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işlərlə maraqlanıb. MSK-nın sədri seçici siyahılarının dəqiqləşdirilməsi, seçki subyektlərinin maarifləndirmə proqramı, hazırki seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə qonaqlara ətraflı məlumat verib.

Səfir Odri Qlover bu həftənin cümə axşamı ATƏT Müşahidə Missiyasının 22 nəfər uzunmüddətli müşahidəçisinin, noyabrın 3-də isə qısamüddətli müşahidəçilərinin Azərbaycana gələcəklərini bildirib.

Görüşdə Mərkəzi Seçki Komissiyası ilə ATƏT-in Müşahidə Missiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə