Erməni analitiki erməni politoloqun şərhindən niyə qıcıqlanır?

Erməni analitiki erməni politoloqun şərhindən niyə qıcıqlanır?

Yaxud, erməni ictimaiyyəti Azərbaycan Ordusunun yeni “blitskrik”indən qorxuya düşüb

Rusiyada yaşayan erməni politoloqu Andranik Miqranyan son vaxtlar erməni mətbuatının ardıcıl hücumlarına məruz qalıb. Belə ki, A.Miqranyanın istər Rusiyanın Azərbaycana silah satışı məsələsində, istərsə də Ermənistanın Avrasiya İqtisadi Birliyindəki (AİB) fəaliyyətini tənqid etməsi faktorundakı çıxışları Ermənistanın ictimai-siyasi cameəsini narazı salır. Xüsusilə, Rusiyanın Türkiyə ilə ortaq məxrəcə gəlməsi, eyni zamanda Türkiyənin AİB-ə üzvlüyünü dəstəkləməsi məsələsində Miqranyanın Ermənistanın bu qurumdan çıxması çağırışlarını edən erməni siyasilərini ən sərt tonda ittiham etməsi bu amili daha qabarıq şəkildə səciyyələndirməkdədir.

Andranik Miqranyana görə, Ermənistandakı bəzi qruplar bu ölkəni, yəni Rusiyanı qaralamağa cəhdlər göstərirlər və süni şəkildə anti-Rusiya ab-havası yaratmağa çalışırlar

Bu arada o, növbəti dəfə belə bir fikirlə çıxış edərək Rusiyanın mövqeyini dəstəkləyən ifadələrində deyib ki, Ermənistandakı bəzi qruplar bu ölkəni, yəni Rusiyanı qaralamağa cəhdlər göstərirlər və süni şəkildə anti-Rusiya ab-havası yaratmağa çalışırlar. SİA xəbər verir ki, bu barədə analitik yazısı ilə çıxış edən 1in.am saytının siyasi təhlilçisi Sarqis Artsruniyə görə, politoloq hətta bunun üçün Ermənistanda rus dilinin qadağan olunması tələblərini də misal gətirib və proqnozla çıxış edərək deyib ki, bu cür vəziyyətin yaranması hadisələrin çərçivədən çıxması ilə nəticəsini tapa bilər. Lakin S.Artsruni Miqranyanın çıxışına qarşılıq olaraq sual edir ki, əgər Moskva Bakıya ən müasir silahlarını satmaqda davam edirsə, cəbhədə erməni əsgərləri kütləvi şəkildə həlak olursa, erməni ictimai-siyasi adamlarının ittihamlarında şişirdilənlər nədir?

Buna baxmayaraq, Sarqis Artsruni sözügedən mövzunu prioritet olaraq gündəmdə saxlaya biləcək siyasi qüvvə olmadığını deyir

Söz yox ki, Rusiyanın bir çox hərbi ekspertləri, eləcə də politoloqları silah satışı məsələsində açıq-aydın şəkildə və dəfələrlə bəyan ediblər ki, Azərbaycan potensial alıcı olmaqla yanaşı, bu ölkə ilə bir çox sahələrdə iş birliyi qurur və bu səbəbdən, etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Həmçinin, ortada biznes maraqları da mövcuddur və əgər Ermənistanın da iqtisadiyyatı, maliyyə vəziyyəti Azərbaycanda olduğu kimi ən müasir standartlara cavab verən modern silahlar almaq gücündə olsaydı, Rusiya öz müttəfiqi ilə müəyyən razılaşmalara gedərdi. Lakin rus şərhçilər Ermənistanın həmin tələblərə cavab vermədiyini deməklə yanaşı, bu ölkəyə hətta müəyyən güzəştlər müqabilində silah satışının mümkün olmadığını etiraf edirlər. Bu səbəbdən, erməni analitiki S.Artsruninin Rusiyanın mövqeyindən çıxış edən erməni politoloqu A.Miqranyana verdiyi sualı məntiqsiz görünür.

Başqa tərəfdən, erməni siyasi şərhçi Miqranyana sübut etməyə çalışır ki, Ermənistanda heç nə şişirdilmir, ancaq onu etiraf edir ki, bu ölkədə sözügedən mövzunu prioritet olaraq gündəmdə saxlaya biləcək siyasi qüvvə də yoxdur.

Andanik Miqranyanın erməniləri pəjmürdə edən daha bir proqnozu: “Azərbaycan ildırım sürətli “blitskrik”ə getməsə belə, 1-2-3 gün ərzində güc və silah baxımından Qarabağ məsələsini həll edəcək”

Beləliklə, A.Miqranyanda öz təbirincə “səhv” tutmağa çalışan Artsruni yazır: “Miqranyan əlbəttə ki, bir tərəfdən Azərbaycana silah satışının problemlər yaratdığını etiraf edir, hətta balansın pozulmasını da deyir, ancaq buna rəğmən qeyd edir ki, əgər Azərbaycan ildırım sürətli “blitskrik”ə getməsə belə, 1-2-3 gün ərzində güc və silah baxımından Qarabağ məsələsini həll edəcək. Yəni regionda davamlı müharibə olmayacaq, başlayacaq və bitəcək...”.

Buna baxmayaraq, erməni analitik Miqranyanın Rusiyanın balansı saxlaya bilməsi barədəki fikrini yazır. Eləcə də erməni mənşəli Rusiya politoloqunun öz işini yeni başlayan siyasi icmalçı olmadığını qeyd edir. “Miqranyan yeni başlayan politoloq deyil və Rusiyanın Azərbaycanı “blitskrik”ə doğru istiqamətləndirməsi informasiyasına da malikdir. Buna ən yaxşı misal kimi, ötən il baş verən dördgünlük Aprel müharibəsini göstərmək olar...”

Bunu Ermənistan rəhbərliyi ruslar qarşısında diz çökərək istəmişdilər

Düzdür, erməni analitiki burada ciddi reallığı gizlədərək iddia edir ki, guya həmin müharibənin qarşısını erməni əsgərlərinin və zabitlərinin “şücaətləri” alıb və s. Hətta daha gülünc bir iddia da irəli sürüb, guya ermənilərin “uğurlu əks-hücum” planını işə saldıqlarını, bu səbəbdən, Aprel müharibəsinin başa çatdığını yazır. Halbuki, bu müharibənin qarşısının alınmasında beynəlxalq aləmin müdaxiləsi rol almışdı. Xüsusilə, bu gün ermənilərin qılıncladığı, daha uyğun ifadə ilə desək, arxadan xəncər zərbəsi vurduqları Rusiyanın siyasi dairələri Azərbaycan əsgərinin zəfər yürüşünün dayandırılmasında barışdırıcı rola malik oldular. Bunu Ermənistan rəhbərliyi ruslar qarşısında diz çökərək istəmişdilər. Əlbəttə, ruslar bunu bilir və bildiklərinə görə də ermənilərin siyasi şıltaqlıqlarına qarşılıq olaraq Azərbaycanla daha sıx təmaslar qurmağa çalışır, o cümlədən, Türkiyə faktorunda qəti və müsbət mövqeyini orta qoymuş olur.

Fəqət, sonda Artsruni yazır ki, Rusiyanın hədəfi Ermənistanın tam olaraq kapitulyasiyaya uğratmaq deyil, ancaq məqsəd budur - Ermənistan elə bir çarəsiz duruma düçar olsun ki, Rusiya hərbi maşını bu ölkədə əbədi olaraq qalsın.

Aprel müharibəsində olduğu kimi, Azərbaycan bir daha öz haqlı mövqeyini təmin etmək üçün qısa zamanda ani qərar vermək gücündə və iqtidarındadır!

Beləliklə, bir tərəfdən A.Miqranyanın Rusiyanın siyasi mövqeyini dəstəkləyən açıqlamalarına don geyindirməyə cəhd edən S.Artsruni, digər tərəfdən sərsəmcəsinə, guya Moskvanın Azərbaycanı yeni müharibəyə doğru istiqamətləndirdiyini iddia edir, hətta Kazan, yaxud da Lavrov planlarının da bu məqsədə xidmət etdiyini (?-R.N.) bildirir. Ancaq unudur ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir və öz suverenliyini qorumaq, təmin etmək üçün heç bir ölkənin təsirinə düşmür. Aprel müharibəsində olduğu kimi, Azərbaycan bir daha öz haqlı mövqeyini təmin etmək üçün qısa zamanda ani qərar vermək gücündə və iqtidarındadır!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə