Qlobal iqlim dəyişikliklərinin təsirindən ən çox əziyyət çəkən kənd təsərrüfatı sahəsidir

İqtisadi Tədqiqatlar Mərkəzi ATƏT-in Bakı Ofisinin icra etdiyi, "Statoil" və Avstriya hökumətinin maliyyələşdirdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) Kiçik Qrantlar Proqramı çərçivəsində "İqlim dəyişikliklərinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması" layihəsini həyata keçirir.

SİA-nın məlumatına görə, layihənin əsas məqsədi iqlim dəyişikliklərinin iqtisadiyyata, xüsusilə də kənd təsərrüfatına və emal sənayesinə gözlənilən təsirlərinin miqyası, əlavə xərclərin hesablanması və onun fəsadlarının qiymətləndirilməsi üzrə tədqiqatların aparılması və bu sahədə məlumatların çatdırılması, ictimai iştirakçılığın artırılması, qərarların qəbulunun səmərəliliyinin yüksəldilməsi üçün mövcud siyasətin həyata keçirilməsinə dəstək verməkdən ibarətdir.

Layihə çərçivəsində İTM-in ekspertləri tərəfindən fermerlər və aqrar istehsalçılar arasında iqlim dəyişikliklərinin kənd təsərrüfatına və emal sənayesinə təsirinin qiymətləndirilməsi üçün sorğular aparılıb, gözlənilən itkilərin qarşısının alınması üçün yerli sahibkarlar təlimatlandırılb. İTM ekspertləri bu mövzuda araşdırma apararaq, tədqiqat hesabatı hazırlayıb.

Hesabatda Azərbaycanda qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına və ətraf mühitə təsirləri təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, habelə əlaqədar orqanlara bu sahədə uyğun siyasətin gücləndirilməsi üzrə təkliflər hazırlanıb. Layihə çərçivəsində çərçivəsində görülən işlər bu gün keçirilmiş "İqlim dəyişikliklərinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması" adlı Dəyirmi Masada müzakirə olunub. Tədbirdə yerli və xarici təşkilatların, dövlət orqanlarının, Milli Məclisin, KİV-in nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.

Dəyirmi Masada layihə rəhbəri Aytəkin Əsgərova çıxış edərək, layihə barədə iştirakçıları məlumatlandırıb. Daha sonra İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu layihə çərçivəsində aparılan tədqiqatlar, o cümlədən Gəncə-Qazax iqtisadi rayonunda fermerlər arasında keçirilmiş sorğunun nəticələrinə dair təqdimatla çıxış edib. Onun sözlərinə görə, bu il senytabr ayının 1-nə olan ilkin mıəlumatlar göstrədi ki, bu il qlobal iqlim dəyişikliklərinin təsirindən ən çox əziyyət çəkən kənd təsərrüfatı olub.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il taxılda (qarğıdalısız) məhsuldarlıq ötən illə müayisədə 1 hektara 25,9 sentnerdən 19,9 sentnerədək, qarışdalıda 43,5 sentnerdən 39,5 sentnerədək, kartofçuluqda 145,6 sentnerdən 134,4 sentnerədək azalıb, yeganə olaraq bostan məhsullarında məhsuldarlığın əvvəlki illə müqayisədə 123,7 sentnerdən 127,1 sentnerədək artması qeydə alınıb ki, bu da fasiləsiz istilərlə bağlı olub. Qlobal iqlim dəyişikliklırinin aqrar bölməyə həm mənfi (taxıl, kartof) və həm də müsbət (bostan məhsulları) təsirlərindən danışan Q.İbadoğlu bildirib ki, bu və digər amillərin təsiri nəticəsində bu ilin 7 aylıq məlumatlarına görə, kənd təsərrüfatı istehsalı 10 faiz aşağı düşüb. Kənd təsərrüfatı istehsalında kəskin azalmanı həmçinin pis idarəetmə ilə izah edən mütəxəssis bu cür nəticəinin əldə edilməsində aidiyyatı oqranların günahlarının da çox olduğunu vurğulayıb.

Sonra isə Qazax və Gəncə bölgəsində fəaliyyət göstərən 65 fermer təsərrüfatı arasında keçirilmiş sorğunun nəticələrini təqdim edib. Məlum olub ki, sorğuda iştirak etmiş respondentlərin 97%-i iqlim dəyişikliklərinin onların təsərrüfat fəaliyyətinə neqativ təsirlərinin olduğunu qeyd ediblər. Respondentlərin 88%-i təsirlərin nəticəsi olaraq maddi zərər çəkdiklərini bildiriblər. Fermerlər iqlim dəyişikliklərinin mənfi təsirlərini əsasən 2008-ci ildən hiss etməyə başlayıblar.

"Təsərrüfatınızın fəaliyyətində qlobal iqlim dəyişikliklərinin hansı fəsadlarını müşahidə etmisiniz" sualına cavabda isə ən çox ziyanvericilərin, xəstəliklərin çoxalması (22 faiz), sel və daşqınlar (18 faiz), quraqlıqların müddətinin artması (13 faiz) cavabı qeyd olunub.

"İqlim dəyişikliklərinin təsərrüfatınızın maliyyə fəaliyyətinə mənfi təsirini daha çox nədən hiss edirsiniz" sualına cavab olaraq, məhsuldarlığın azalması (39 faiz), əlavə xərclərin yaranması (9 faiz), məhsulun keyfiyyətinin aşağı düşməsi (7 faiz), gözlənilməz xərclərin yaranması (4 faiz) qeyd olunub, 41 faiz respondent isə konkret səbəb göstərə bilməyib. Respondentlərin 44 faizi iqlim dəyişikliklərinin yaratdığı əlavə xərclərinin 5-10 faiz, 7 faizi isə 50 faizdən çox olduğunu göstərib. İqlim dəyişikliyinin təsərrüfatın maliyyə fəaliyyətinə mənfi təsirinin yaratdığı xərcləri qarşılamaq üçün 57 faiz respondent borc vəsaitlərinə müraciət etdiklərini qeyd ediblər.

Tədqiqat nəticəsində aqrar sektora dövlət dəstəyinin artırılması, risklərin minimuma endirilməsi məqsədilə adaptasiya proqramının hazırlanması, iqlim dəyişikliklərinin təsirləri və adaptasiya tədbirləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi, kənd təsərrüfatı istehsalçılarının təsərrüfat fəaliyyətinin sığortalanması tövsiyə olunur. İTM ekspertlərinin hesablamalarına görə, Azərbaycanda iqlim dəyişikliklərinə görə proqnozlaşdırılan adaptasiya xərcləri 68-80 milyon manat təşkil edə bilər.

Q.İbadoğlunun təqdimatından sonra layihə heyətinin Gəncə-Qazax bölgəsinə səfəri zamanı əkin sahələrində müşahidə olunan dəyişiklikləri əks etdirən fotolar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra layihənin aqrar məsələlər üzrə eksperti Vahid Məhərrəmov iqlim dəyişikliklərinin aqrar sahəyə təsirləri barədə geniş şərh verib. Qeyd edib ki, cari ildə yazın əvvəlində 20-25 gün dolu düşməsi bu il təsərrüfata zərər vurub. Bostan bitkiləri istiyə dözümlü olduğundan bu il onların istehsalında azalma müşahidə olunmayıb. Vahid Məhərrəmov iqlim dəyişiklərinin həmçinin torpaq fonduna və su ehtiyatlarına vurduğu ziyandan danışıb.

Müzakirələr zamanı çıxış edən millət vəkili Nazim Məmmədov əsas problemin idarəetmədə olduğunu qeyd edib: "Vaxtında gərəkli tədbirlər yerinə yetirilmir. Tovuzda su anbarı ermənilər tərəfdə qaldığından bu gün suvarma zamanı problemlər yaşanır. Amma Tovuzda Su Elektrik Stansiyası tikildikdən sonra bu problem öz həllini tapacaq". Onun sözlərinə görə, dövlət tərəfindən müəyyən qabaqlayıcı tədbirlər görülür, sadəcə, yerlərdə fermerlər tərəfindən bunlar həyata keçirilmir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov iqlim dəyişikliklərinin hər zaman olduğunu və bu gün də davam etdiyini bildirib: "Sadəcə, müasir dövrlə müqayisədə Sovet dövründə bunlar açıqlanmırdı". Ekspertin sözlərinə görə, problemin qloballaşmasının səbəbi biznesmenlərin irsi dəyişilmiş toxumları dünyaya satmalarıdır.

T.Zeynalov, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son illər üzrə verdiyi məlumatların doğru olduğunu, digər aidiyyəti qurumların isə bu məlumatlara uyğun fəaliyyət göstərmədiklərini vurğulayıb. "Davamlı İnkişaf" İB-nin sədri Fikrət Cəfərovun fikrincə, iqlim dəyişikliklərinin təsirinin Azərbaycan üçün müsbət və mənfi olmasını müəyyənləşdirmək lazımdır: "Kiyevdə BMT-nin konfransında iqlim dəyişikliklərinin MDB məkanına təsirləri müzakirə olunub. Beynəlxalq ekspertlərin hesablamalarına görə, ən çox Qafqaza təsir gözlənilir."

Ekspertin fikrincə, Azərbaycana yağıntılar yalnız şimaldan gəldiyi üçün yağıntıların çoxalacağı güman olunur. Belə olduğu halda yarımsəhra zonaların yaşıllaşması kimi nəticələr də ola bilər. Azərbaycan Elmi-Tədqiqat və Kənd Təsərrüfatı İnstitutunun nümayəndəsi Famil Əhmədov əkin prosesinə nəzarət sisteminin qurulmasının vacibliyini vurğulayıb.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Arif İsgəndərov Sovet dövründən fərqli qaydaların olduğunu və atəşkəslə sərhəd zonalardan kənarda doludağıdan toplardan istifadə olunmasını vacib saydığını qeyd edib. Onun sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsi vaxtında öhdəlikləri yerinə yetirsə, sel və daşqınların təsiri az olar: "Ziyanverici və xəstəliklərlə mübarizə aparılmır, nəticəsdə isə Fövqəladə Hallar Nazirliyi çəyirtkə və siçovulla mübarizə aparmalı olur." Nazirlik rəsmisi onu da bildirib ki, Dövlət Proqramına əsasən ərzaq məhsullarının saxlanması üçün kameralar tikilir və ondan sonra istehlakçıların keyfiyyətli ərzaqla təmin olunmasına ümid etmək olar. "Aqrolizinq" ASC-nin nümayəndəsi Mehman Səfərov son 2 il ərzində Rusiya istehsalı olan 420 kombaynın gətirildiyini qeyd edib. Bahalı kombaynları sahibkarlar ala bilmədiyi üçün onlar Azərbaycana gətirilmir. O, məhsuldarlığın aşağı düşməsinin səbəbi kimi vaxtında aqrotexniki qulluğun aparılmamasını önə çəkib.

Tədbir müzakirələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə