"Son illərdə moda sənayesində material seçimi istiqamətində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Xüsusilə payız və qış mövsümlərində dizaynerlər və brendlər təbii liflərdən – yun, pambıq, kaşmir və dəridən hazırlanmış parçalardan – daha çox istifadə edirlər". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.
Onun sözlərinə görə, bu tendensiyanın əsas səbəbi həm ekoloji dəyərlərin ön plana çıxması, həm də insanların rahatlıq və keyfiyyət axtarışıdır: "Təbii materiallar bədənin nəfəs almasına imkan verir, istiliyi yaxşı saxlayır və uzunömürlüdür. Soyuq mövsümlərdə yun və kaşmir geyimlərin yaratdığı istilik və komfort hissi onları yenidən dəbə gətirib. Artıq istehlakçılar təkcə geyimin görünüşünə deyil, onun mənşəyinə, hazırlanma prosesinə və ətraf mühitə təsirinə də diqqət yetirirlər. Bu da brendləri daha ekoloji və məsuliyyətli istehsala yönəldir.
Bununla belə, sintetik materiallardan tamamilə imtina hələ mümkün deyil. Poliester, akril və naylon kimi parçalar moda sənayesində öz mövqeyini qorumaqda davam edir. Onların əsas üstünlüyü dayanıqlılıq, suya və küləyə davamlılıq, həmçinin münasib istehsal xərcləridir. Bu səbəbdən sintetik materiallar xüsusilə idman geyimlərində və xarici geyimlərdə – parkalar, yağış paltoları kimi məhsullarda – geniş tətbiq olunur.
Son illərdə modada təkrar emal olunmuş sintetik liflərdən, yəni “recycled polyester” kimi materiallardan istifadə meyli də güclənib. Bu yanaşma həm iqtisadi, həm də ekoloji baxımdan daha balanslı hesab olunur. Müasir moda sektoru artıq təbii və sintetik liflər arasında sərhəd çəkmir, əksinə, bu materialları birləşdirərək həm keyfiyyətli, həm davamlı, həm də çevik kolleksiyalar yaradır. Beləliklə, payız və qış mövsümlərinin əsas istiqaməti davamlılıq, funksionallıq və təbii estetika prinsiplərinə əsaslanır. Moda artıq təkcə trendlərlə deyil, həm də məsuliyyətli seçimlərlə formalaşır. Geyim həm gözəlliyi, həm rahatlığı, həm də planetə hörməti özündə birləşdirməlidir – bu, müasir modanın əsas mesajıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə