"Ramiz müəllim müstəsna bir sənətkar idi" - XALQ ARTİSTİ DANIŞDI

"Ramiz müəllim əlindən gələn bu tar sənətinin inkişafında çox böyük işlər görüb. İfaçılığından başqa onun gözəl müəllimliyi, gözəl insana münasibəti vardı. O dövlət xadimi idi. Ramiz müəllim müstəsna bir sənətkar idi". Bu sözləri SİA-ya açıqlamasında xalq artisti Vamiq Məmmədəliyev deyib.

Onun sözlərinə görə, çox uşaqlar var ki, Ramiz müəllimin tarının səsində böyüyüblər və o tarın səsinin ağırlığı ilə tar məktəbinə tarzən olublar: "Ramiz müəllim bir yerdə işləyəndə həm gözəl ifaçılıq xüsusiyyətləri var idi, həm də elə bir tələbəyə yanaşması vardı ki, o tələbələri öyrədirdi. Muğam məktəbini qoruyub saxlayanlardan biri də Ramiz müəllim idi. Təkcə muğamı yox, bütün not əsərləri - 20-dən yuxarı bizim tam orkestr, simfonik orkestr üçün yazılmış konsert əsərlərini əzbər bilirdi. Bu adamın nə qədər güclü yaddaşı var idi ki, onları əzbər çalırdı.

Onun çalğısı elə idi ki, bir dənə mızrap vurmağından bilirdin ki, bu Ramiz müəllimdir. Tarzənlər arasında onun tayı-bərabəri yox idi. Onun mızrapından seçilirdi ki, bu Ramiz müəllimin ifasıdır. O, bütün muğamları ifa edirdi. Əsas muğamlar - Segah, Hümayun Segah, Zabul Segah, Şur, Çahargah, Bayatı-Şiraz - hamısını yüksək səviyyədə ifa edirdi. Gözəl xanəndə müşayiəti vardı, çox gözəl. Hər tərəfli incə zövqlü bir musiqiçi idi".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə