Azərbaycan İndoneziya və Qətərlə məşğulluq sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Azərbaycan İndoneziya və Qətərlə əmək və məşğulluq sahəsindəki gələcək əməkdaşlığı müzakirə edib. SİA xəbər verir ki, müzakirələr əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Dohada baş tutan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransında iştirakı çərçivəsində baş tutub.
Anar Əliyev Qətərdə İndoneziyanın işçi qüvvəsi naziri prof. Yassierli ilə görüşüb. Azərbaycan ilə İndoneziya arasında münasibətlərin dostluq məcrasında inkişafından bəhs edilib. Əmək və məşğulluq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Bu sahədə təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd edilib.
Həmçinin, Qətər Dövlətinin əmək naziri dr. Ali bin Saeed bin Samikh Al Marri ilə görüş olub. Azərbaycan-Qətər münasibətlərinin iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyədə olduğu və daim inkişaf etdiyi, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Hər iki görüşdə Azərbaycanda son illər əmək və məşğulluq sahəsində aparılan islahatlara, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması sahələrində görülən işlərə dair məlumatlar verilib.
İƏT-in Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əlaqələrin genişlənməsində rolu qeyd edilib, gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə