Siyavuş Novruzov: “Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək" MÜSAHİBƏ - YENİLƏNİB

Siyavuş Novruzov: “Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək" MÜSAHİBƏ - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

- Siyavuş müəllim, Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsində ölkə rəhbərinin toxunduğu məsələlər müzakirə olunmaqdadır. Siz bunu necə şərh edərdiniz?

- Hesab edirəm ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir. Cənab Prezidentin göstərişlərinə və tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatının yeni bir mərhələsinə start verilib. Kənd təsərrüfatının inkişafına qoyulan vəsaitlər, investisiyalar özünü doğrultmaqdadır. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq emal müəssisələrinin, zavod və fabriklərin açılması, yeni iş yerlərinin yaradılması, insanların yenidən əkin-biçinlə məşğul olması diqqət mərkəzindədir. Məhz bunun nəticəsi olaraq həm insanların gəlirləri artır, həmçinin ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll olunur, eləcə də Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ölkəyə xarici valyuta gətirir. Bu gün tək Azərbaycan bazarları deyil, eləcə də ayrı-ayrı ölkələrin bazarlarında da Azərbaycan məhsulları çox yüksək qiymətləndirilir. Çünki ölkəmizdə istehsal olunan məhsullar ekoloji cəhətdən təmiz, həmçinin keyfiyyətlidir. Ona görə də xarici bazar problemimiz yoxdur. Bu baxımdan kənd təsərrüfatına qoyulan investisiyalar qısa müddət ərzində həm özünü doğruldacaq, həm də ölkəmizə əlavə gəlirlər gətirəcək. Qeyd edim ki, bundan öncə Sabirabad rayonunda Prezidentinin iştirakı ilə keçirilən müşavirədən sonra atılan addımlar nəticəsində kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar artıq öz bəhrəsini verməkdədir. Keçirilən müşavirələrdə ayrı-ayrı rayonlarda istehsal olunacaq məhsulların miqdarı, onların gətirəcəyi gəlirlər, qoyulan investisiyalar və s. məsələlərin müzakirəsi aparılır və öz həllini tapır. Məhz bunun nəticəsidir ki, son zamanlar yüksək göstəricilər əldə edilir. Əgər ötən il 20 ton barama məhsulu istehsal olunmuşdusa, artıq bir rayondə 27-28 ton barama məhsulu istehsal olunur. Eləcə də yeni tut ağacları əkilir ki, bu da ipəkçiliyin inkişafına geniş imkanlar yaradır. 12 iqlim qurşağından 9-u Azərbaycanda olduğuna görə, tütün, meyvəçilik, tərəvəzçilik, pambıqçılığın inkişafı üçün əlverişli şərait var. İnanırıq ki, Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək.

- Prezident İlham Əliyev dəfələrlə məmurlara öz övladlarının, ailə üzvlərinin hərkətlərinə nəzarət etməyi tapşırıb, qanunları pozan məmur övladlarının cəzalandırılacağı xəbərdarlığını edib. İndiyədək bir neçə məmur övladı və qohumu cəzalandırılıb, özləri işdən çıxarılıb. Lakin görünür digərləri bundan nəticə çıxartmayıb. Siz bu barədə hansı fikirdəsiniz?

- Ümumilikdə götürdükdə, Azərbaycan Prezidenti İlham Əliyevin bir tələbi var ki, hər bir dövlət məmuru vəzifəyə təyin olunarkən onun qarşısında ən ali məqsəd xalqa xidmət dayanmalıdır. Yəni hər bir məmur vəzifəyə təyin olunur ki, xalqa xidmət göstərsin və xalqın, cəmiyyətin problemlərini həll etsin, problemlər yaratmasın. Ölkə başçısı bununla bağlı dəfələrlə keçirdiyi müşavirələrdə deyib ki, nəinki həmin məmurlar işdən azad olunacaq, hətta cəzalandırılacaq. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanda bu proses gedir və hər kəs də bundan ibrət dərsi götürməlidir.

- Bu bir faktdır ki, Ermənistan daha çox Azərbaycanın mülki vətəndaşlarını hədəf seçib. Dünya Birliyinin Ermənistanın bu qəddar siyasətinə göz yumması nədən irəli gəlir?

- Ermənistanın bu məkrli siyasətinin arxasında çox gizli bir niyyət dayanır. Əslində Ermənistan məlum aprel hadisələrinə kimi gözləyirdi ki, əgər hər hansı bir müharibə baş verəcəksə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr rəsmi İrəvanı ciddi şəkildə müdafiə edəcək, bir yerdə Azərbaycana qarşı qoşun yeridəcək və Ermənistan da rahat şəkildə işğalçılıq əməllərini davam etdirəcək. Lakin İrəvan bir şeyi yaddan çıxarır ki, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq istər Dağlıq Qarabağ, istərsə də işğal olunmuş digər ərazilər Azərbaycanın BMT tərəfindən tanınılmış əraziləridir. Yəni Azərbaycan beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq orada istər anti-terror əməliyyatları, istərsə də ərazi bütövlüyünün bərpası ilə məşğul olmaq hüququna malikdir. Buna BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının, Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, ATƏT-in və digər qurumların çıxardığı qərarlar da tam hüquqi əsas verir. Göründüyü kimi Ermənistan aprel hadisələrində nə qədər müraciət etsə də həmin dövlətlər qeyd etdilər ki, Azərbaycan öz ərazisi çərçivəsində bu tədbirləri həyata keçirir. Başqa bir dövlətin Azərbaycanın dövlət ərazisinə müdaxilə etmək hüququ yoxdur. Bu artıq işğalçılıq siyasəti adlandırıla bilər. Bu baxımdan Ermənistan ciddi-cəhdlə çalışır ki, nəinki bizim ordumuzun mövqelərinə, eyni zamanda paralel olaraq dinc sakinlərin yaşadığı və təsərrüfat işləri ilə məşğul olduqları ərazilərə də atəş açsın. Çalışırlar ki, bunun nəticəsində insanları vahimədə saxlasınlar, onlara xəsarət yetirsinlər, öldürsün və yaralasınlar. Ermənistan hətta iriçaplı silahlardan istifadə etməkdən çəkinmir. Rəsmi İrəvan hesab edir ki, bu hərəkətləri ilə Azərbaycanı qıcıqlandıracaq. Ermənilərin xislətidir ki, birgə yaşadıqları ölkənin xalqlarına, o cümlədən qonşu xalqlara qarşı qəddar davransınlar, terror etsinlər. Bu, ermənilərin həyat tərzidir. Biz bunu Xocalıda gördük, Qarabağın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri vandalizm, soyqırımı hadisələri zamanı gördük, dünyanın ayrı-ayrı ölkələrində türk diplomatlarına qarşı təşkil olunmuş terror aktlarında da gördük. Həmçinin biz Bakı metrosunda, sərnişin qatarlarında, avtobuslarda 20-dən artıq terror aktının həyata keçirilməsinə şahidlik etmişik. Eləcə də bu yaxınlarda Füzuli rayonunun Alxanlı kəndində törədilən vəhşiliyi gördük. Bu, erməni xüsusiyyəti və ermənilikdir.

- Ümumiyyətlə, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana müharibə etməsinə nə mane ola bilər?

- İlk növbədə Ermənistanın Azərbaycanla müharibə aparmağa gücü çatmaz. Bilirsiniz ki, əgər bu məsələnin həlli Azərbaycanla Ermənistana qalsa bizə bir həftə lazımdır ki, İrəvana qədər qədim Azərbaycan torpaqlarını qaytarsın, ədaləti bərpa etsin. Həm Azərbaycan ordusunun psixoloji durumu, hərbi texnikası, təchizatı, təlimi, həm də Ali Baş Komandanın iradəsi, xalqla bir yerdə olması, xalqın ona olan dəstəyi bunları deməyə əsas verir. O baxımdan da Ermənistan bu addımları ata bilmir və himayəçilərindən bu proseslərdə istifadə etməyə çalışır.

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında konfranslar keçirir. Bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?

- Bu konfranslar 5 ildən bir keçirilir. Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkialtı var. Onun artıq 63-də bu konfranslar keçirilib. Hazırda 21 təşkilatımızda bu konfransların keçirilməsinə hazırlıqlar davam edir. Bu il bildiyiniz kimi YAP-ın 25 illliyi tamam oldu. Biz sentyabr ayından etibarən silsilə tədbirlərə başlayacayıq. Ötən 5 il müddətində partiya sıralarına kifayət qədər yeni insanlar daxil olub. Onların 70 faizini gənclər təşkil edir. Partiyanın yerli strukturlarının rəhbər orqanlarında (rayon şurasında, rayon idarə heyətində, sədrlərdə, sədr müavinlərində, o cümlədən nəzarət təftiş qruplarında) müvafiq dəyişikliklər olunur. Bu proses artıq davam etdirilir. Əgər 5 il bundan öncə YAP-ın sıralarında az insan cəmləşmişdisə, artıq partiyanın sıralarında 700 mindən artıq partiya üzvü cəmləşib. Bilirsiniz ki, Prezident seçkiləri ilə bağlı işimiz çoxdur. Bununla bağlı proqramımız hazırlanır. Hazırda biz bu proqramı İdarə Heyətinin təsdiqinə təqdim edəcəyik. Məntəqə, dairə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, imza toplayacaq şəxslər, təbliğat materiallarının açılması, yapışdırılması, çatdırılması ilə məşğul olan şəxslər və s. hər biri proqram əsasında hazırlanır. Seçkilərə start verilənə kimi biz bu işləri bitirməliyik. Ona görə də ikinci mərhələdə partiya qarşısında duran çox böyük işlər var. Sentyabrdan etibarən seçkilərə qədər çox aktiv və gərgin şəkildə bu işlər öz həllini tapmalıdır.

- Maraqlıdır ki, dağıdıcı müxalifət YAP-ın keçirdiyi konfranslara əksər hallarda qısqanclıqla yanaşır. Sizcə, bunun səbəbi nədir?

- YAP-ın rayon təşilatında keçirilən konfrans müxalifətin qurultayından daha möhtəşəmdir. Bizim 20 mindən artıq ilk partiya təşkilatlarımız var. Bəzi təşkilatlarımızda hətta 26-28 min partiya üzvü cəmləşib ki, bu da müxalifətdə təmsil olunanların ümumi sayından çoxdur. Buna görə də müxalifət qıcıqlanır. İctimaiyyətdə tanınmış əksər simalar YAP-ın sıralarındadır. Bu mənada onlar təşvişə düşürlər və öz narahatçılıqlarını başqa formada ifadə edirlər.

- Milli Məclis deputatlarının etik davranış qaydaları barədə qanun qüvvəyə mindi. Bundan sonra atılacaq addımlar nədən ibarət olacaq?

- Bilirsiniz ki, bu məsələlər həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də daxili nizamnamədə öz əksini tapıb. Həmçinin biz referendum yolu ilə Konstitusiyada müvafiq dəyişikliklər etdik. Bununla əlaqədar olaraq da deputat statusu haqqında qanuna, parlamentin daxili nizamnaməsinə uyğun olaraq deputatların etik kodeksi ilə bağlı bir qanun qəbul olundu. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev də bununla bağlı sərəncam verdi və artıq qanun qüvvəyə minib. Əvvəllər əsas prinsiplər parlament daxilində olan məsələlər idi. Hansı ki, parlament çərçivəsində hər hansı bir millət vəkili etik davranış qaydalarını pozurdusa, onun məsələsi intizam komissiyası tərəfindən müzakirə olunurdu və müvafiq qərarlar çıxarılırdı. Bu qərar ona töhmət elan olunması, xəbərdarlıq, əməkhaqqısının kəsilməsi idi və s. Son həddə isə deputat mandatından məhrum olunması idi. Hazırda bu məsələlər bir qədər genişləndirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə