Əli Həsənov: “Düşünürəm ki, builki parlament seçkilərini daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar var” - MÜNASİBƏT

Əli Həsənov: “Düşünürəm ki, builki parlament seçkilərini daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar var” - MÜNASİBƏT

"Yeni Azərbaycan Partiyasının açıqlanmış namizədlər siyahısı kifayət qədər yenilənib". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Şöbə müdiri deyib ki, siyahıda partiyanın gənc üzvlərinə, təhsil, səhiyyə sahələrində, digər intellektual fəaliyyətlə məşğul olan sahələrdə çalışan gənclərə böyük etimad göstərilib: "Bilirsiniz ki, bu bir yarışdır. Hər bir partiya öz namizədini irəli sürür. Kimin qalib gəlməsini isə xalq müəyyən edir. Bütün partiyalara, ö cümlədən YAP-a uğurlar arzu edirəm".

Rayon icra hakimiyyətlərinin, polisin, dövlət qurumlarının seçkilərdə roluna toxunan Ə.Həsənov qeyd edib ki, icra hakimiyyətləri administrativ resurslardan bu və ya digər namizədin xeyrinə istifadə etməməlidir. Onun sözlərinə görə, İcra hakimiyyətləri qanuna uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər: "Azərbaycan müstəqilliyə nail olandan sonra, respublikada dördüncü parlament seçkisi keçiriləcək. Hər bir seçkinin də öz problemləri, özünə məxsus çətinlikləri olub. Bu sonuncu seçki də deyil. Düşünürük ki, seçki institutları tərəfindən, yerli icra hakimiyyəti orqanları tərəfindən müşahidə olunan çətinliklər, problemlər bu seçkilərdə maksimum aradan qaldırılacaq. Amma əsas odur ki, bilərəkdən administrativ resurslardan bu və ya digər namizədin və partiyanın, siyasi təşkilatın xeyrinə istifadə olunmasın. Yerli icra hakimiyyətlərinin əsas funksiyası ondan ibarətdir ki, onlar dairə ərazisində demokratik, ədalətli seçki üçün münbit şərait yaratsın. Düşünürəm ki, builki parlament seçkilərini daha ədalətli, daha şəffaf keçirmək üçün bütün əsaslar var".

PA rəsmisinin sözlərinə görə, seçki məcəlləsində hər bir qurumun öz vəzifələri müəyyən olunub. Eyni zamanda cənab prezidentin seçki proseslərinin ədalətli keçirilməsi məqsədi ilə, yerli icra hakimyyətlərin qarşısına vəzifə qoyan xüsusi bir sərəncamı var: "Bu sərəncam keçən seçkilərdə verilib. Bu seçkilərdə də öz qüvvəsini saxlayıb. Seçki proseslərinə qeyri-qanuni müdaxilə etmək istəyən, istənilən məmur, dövlət qulluqçusu qanunauyğun olaraq cəzalandırılacaq".

Bir sıra özəl televiziyaların namizədlərin seçkiqabağı təbliğat kampaniyasını işıqlandırmaqdan imtina etməsi məsələsinə gəlincə Ə.Həsənov: "Özəl strukturların fəaliyyətinə müdaxilə yolverilməzdir. Lakin buna baxmayaraq mən bütün özəl mətbuat orqanlarına, o cümlədən elektron KİV-ə seçki prosesinə qanunun imkan verdiyi qədər qatılmasını, namizədlərin seçkiqabağı təşviqat proseslərində qanuna müvafiq olaraq iştirakını məqbul hesab etmişik. Düşünürəm ki, seçki atmosferinin yaradılması məqsədi ilə özəl televiziyaların seçkidə iştirakı normal hal hesab olunmalıdır", - deyə bildirib.

Bakı şəhərində və rayonlarda namizədlərin öz seçiciləri ilə görüş keçirmələri üçün bütün lazımı şəraitin yaradılacağını deyən PA rəsmisi deyib: "Əlbəttə, bu ola bilsin ki, kiminsə arzu etmədiyi, istəmədiyi yer ola bilər. Amma bütövlükdə bütün namizədlər üçün eyni şərait yaradılacaq. Hər bir namizəd üçün yaradılan şərait bütün namizədlər üçün də məqbul hesab olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə