Astarada ARDNŞ-nin vəsaiti ilə əsaslı təmir edilmiş məktəbin açılışı olub
Bu gün Astara rayonunun Kakalos kəndində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına əsaslı təmir olunmuş 624 şagird yerlik orta məktəbin açılışı olub. Bu barədə SİA-nın cənub bürosuna Astara rayon İcra Hakimiyyəti başçısının müavini Natiq İbadov məlumat verib.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ARDNŞ-nin vitse-prezidenti Xalid Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və başqaları iştirak ediblər.
Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, Kakalos kənd orta məktəbinin direktoru Arzu Rzayeva və başqaları çıxış edərək təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və ARDNŞ-nin vitse-prezidenti Xalid Məmmədov isə yeni dərs ilinin başlanması və məktəbin istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, ikimərtəbəli, üç korpusdan ibarət bu təhsil ocağı əsaslı təmir olunub. Binanın dam örtüyü, qapı və pəncərələri, döşəmə və tavanlar yenisi ilə əvəz olunub. Sinif otaqları, idman zalı, kitabxana, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar və akt zalı yenilənib. Burada həmçinin yeni istilik sistemi quraşdırılıb.
Məktəbin həyətində mini futbol və voleybol meydançaları salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB