İsrail Yunanıstan hökumətindən Kipr Respublikasının aldığı, ancaq Türkiyənin etirazından sonra Krit adasında yerləşdirdiyi "S-300" zenit-raket kompleksləri ilə təlim keçirmək üçün icazə istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Afina İsrailin müraciətini müzakirə edir. İsrailin baş naziri Benyamin Netanyahunun keçən ay həyata keçirdiyi Yunanıstan səfəri zamanı israilli pilotların "S-300"ləri tanımaları və məhv edə bilməsi üçün Afinadan Kritdə hərbi təlim keçirmək üçün icazə istədiyi indi ortaya çıxıb.
Yunanıstan Kommunist Partiyasının beş millət vəkili müdafiə naziri Evangelos Venizelosdan bu məsələ ilə bağlı hesabat tələb edib. Yunan hökumətinin İsrailin tələbini gizli olaraq qəbul etdiyini ifadə edən millət vəkilləri hökumətin odla oynadıqlarını söyləyib: "Odla oynayırıq. Hökumət ərəb dünyası və Rusiyanın göstərə biləcəyi reaksiyaları düşündümü?". Müdafiə nazirinə müraciət edən millət vəkillərindən biri Tanasis Pafilis isə bildirib ki, Afina Təl-Əvivin müraciətinə müsbət cavab verərsə, İrana qarşı ola biləcək müdaxilədə tərəf halına gəlir.
Qeyd edək ki, Yunanıstan Kiprə satdığı "S-300" zenit-raket kompleksini 1997-ci ildə bu ölkənin cənubuna yerləşdirmək istəmişdi. Türkiyənin hərbi müdaxilə hədəsindən sonra Afina geri addım ataraq havadan müdafiə sistemini Kritdə qurmuşdu. İranın 2007-ci ildə Belorusdan almaq üzrə razılaşdığı iki ədəd "S-300" sisteminin də keçən ay Tehranın əlinə keçdiyi bildirilir. ABŞ ilə yaxınlaşaraq İrana "S-300" satışını təxirə salmağa məcbur olan Rusiyanın da bu sistemləri gizli olaraq İrana verməsi ilə bağlı fikirlər səslənir.
İran isə əvvəlki kimi yenə də İsrail və ABŞ-ın ölkəsinə qarşı hücum edə bilməyəcəyini iddia edir. İran Baş Qərargah rəisi Həsən Firuzabadi İranın nüvə mərkəzlərinin vurulacağı halda İsrailin Dimonadakı nüvə mərkəzinin hədəfə alınacağını deyib: "Bizim inkişaf etmiş silahlarımız sionist rejimin hər yerini vura bilər. Ümid edirik ki, Dimonadakı nüvə mərkəzini vurmaq məcburiyyətində qalmayacayıq".
Prezident Mahmud Əhmedinejad Tehranda Qüds Günü ilə bağlı keçirilən toplantıda Orta Şərq sülh danışıqlarının müvəffəqiyyətsizliyə məhkum olduğunu söyləyib. Fələstin üçün yeganə yolun müqavimət olduğunu qeyd edən dövlət başçısı bildirib ki, 60 ildir hər kəsi hədələsələr də sionist rejimin və Qərbin İrana hücum edəcək gücü yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB