"Qadınların iqtisadiyyatın müxtəlif sahələrində iştirakı xüsusilə indiki zamanda çox əhəmiyyətlidir". Bunu İtaliyanın Milan şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxışı zamanı AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova SİA-ya açıqlamasında deyib.
Xatırladaq ki, 3 gün davam edəcək müzakirələrdə Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılır. Müzakirələrdə çıxışı edən Sahibə Qafarova ölkəmizdə bu sahədə mövcud olan vəziyyət barədə ətraflı danışıb. AŞPA-nın komitə sədrinin sözlərinə görə, Şərqdə qadınlara ilk dəfə səs vermək hüququ 20-ci əsrin əvvəllərində məhz ölkəmizdə verilib. Millət vəkili deyib ki, bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edir və bir çox hallarda üstünlük təşkil edirlər. Məsələn, ümumtəhsil müəssisələrində müəllimlərin 76,6, orta ixtisas təhsili müəssisələrində 75,1, ali təhsil müəssisələrində 48,8, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumtəhsil müəssisələrində şagirdlərin 45,8, orta ixtisas təhsili müəssisələrində oxuyanların 67,4, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizini qızlar təşkil edir.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 50, bütün elmi işçilərin isə 53,2 faizi qadınlardır. Son 5 ildə tədqiqatlarla məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb: "Bundan başqa, səhiyyə sahəsindəki qadınların 37%-i, təhsil 44% , mədəniyyət və turizm sahəsində isə 23% -i rəhbər vəzifəsində çalışırlar. Milli Məclisdəki üzvlərimizin 16 faizini qadınlar təşkil edir. Mən böyük məmnuniyyətlə qeyd etnək istərdim ki, Azərbaycan Prezidentinin bu il fevralın 21-də imzaladığı Sərəncamla Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmçinin Azərbaycan parlamentinin sədr müavinlərindən biri qadındır. İki nəfər Dövlət Komitəsinin sədri, Ombudsman və və müxtəlif nazirlikliklərin rəhbər orqanlarında qadınlar təmsil olunur. Regionlarda da idarəetmədə qadınların fəal təmsilçiliyinin şahidi oluruq və bu dinamika artmaqdadır".
O, həmçinin vurğulayıb ki, son zamanlarda siyasi və ictimai qəraraların və iqtisadi sahədə qadınların iştirakında əhəmiyyətli artım müşahidə olunur.
Hazırda iqtisadi sferada qadınların öz potensiallarını göstərmək və onları həvəsləndirmək üçün qəbul edilən və dövlət tərəfindən həyata keçirilən tədbirlərin də qeyd olunmalıdır: "Öz şəxsi bizneslərini qurmaq üçün qadınlara kreditlər verilir və onlar müxtəlif vakansiyalara irəli çəkilirlər. Dövlət xüsusi olaraq, kənd yerlərində öz əkinçlik bizneslərini qurmaq istəyən qadınlar üçün də yardımçı tədbirləri tətbiq edib".
Sahibə Qafarovanın fikrincə, bütün bunlar, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin uğurlu olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB