Milli Məclisdə “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələr keçirilib
Milli Məclisdə "Sosial xidmət haqqında" qanunla bağlı dinləmələr keçirilib. SİA-nın xəbərinə görə, Milli Məclisin əmək və sosial siyasət komitəsi tərəfindən keçirilən dinləmələrdə komitə üzvləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi, QHT nümayəndələri və digərləri iştirak edib.
Dinləmələrdə ilk çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsi 2011-ci ilin dekabr ayında parlamentin dəstəyi ilə komitə tərəfindən ortaya qoyulub.
"Sosial xidmət haqqında" qanun layihəsinin Əmək və sosial siyasət komitəsi tərəfindən təqdim olunan ən önəmli qanunlardan biri olduğunu deyən H. Rəcəbli söyləyib ki, sözügedən qanun Azərbaycanda bir sıra məsələləri ilk dəfə ortaya qoyub: "Qanun ilk olaraq sosial işçi və sosial xidmətçiləri bir- birindən ayırdı. Bundan başqa qanun layihəsində qrant vasitəsilə QHT-lər, bələdiyyələrin və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyəti öz əksini tapdı. Lakin zaman keçdikcə qanunun icrası ilə bağlı çətinliklər meydana gəldi. Bu baxımdan hesab edirəm ki, sosial xidmətlərin maştabı artdığından bu məsələlərin daha geniş müzakirəsinə ehtiyac var. Bugünkü tədbirimizin də məqsədi qanunun daha işlək olması ilə bağlıdır".
Daha sonra çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov qeyd edib ki, bu qanun Azərbaycanda çətin həyat şəratində yaşayan insanlara sosial xidmətlərin göstərilməsi məqsədilə qəbul edilib.
O bildirib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır: "2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Abşeron rayonu Masazır qəsəbəsində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olan gənclər üçün 3-cü binanın inşasına başlanılıb. Bizim belə binaların sayını artırmağa və belə gənclərin problemini aradan qaldırmağa imkanımız var".
Dinləmələrdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı məsələ də müzakirə olunub. İclasda Azərbaycanda ailələrin sosial vəziyyətinin durumu ilə bağlı bazanın yaradılması təklif olunub.
Dinləmələrdə "sosial işçinin bir günü" adlı film də nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB