"Ermənistanda seçki prosesi qorxu və təzyiq üzərində qurulmuşdu" ŞƏRH

"Əgər bundan öncəki təcrübə nəzərə alınsa, beynəlxalq təşkilatların Ermənistandakı seçkilərlə bağlı bəyanatların yalnız bəyanat kimi qalma ehtimalı daha da çoxalır. Bildiyiniz kimi, bu ilk hadisə deyil. Ermənistanda bütün seçkilər total saxtakarlıqla həyata keçirilib. Düşmən ölkə yeganə dövlətdir ki, burada namizədlərə qarşı silahdan istifadə olunub, saxta seçkilərə etiraz edən dinc nümayişçilər qətlə yetirilib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan çox azsaylı ölkələrdən biridir ki, burada parlament rəhbərləri ölkə rəhbərliyi tərəfindən siyasi maraqlar və motivlər ucbatından qətlə yetirilib: "Ötən prezident seçikisində namizədlərdən biri güllələnmişdisə, budəfəki seçkilərdə də müxalif qüvvələrin nümayəndələrinə atəş açıldı. Onların arasında yaralananlar da oldu. Əslində Ermənistanda seçi prosesi qorxu, xof, təzyiq üzərində qurulmuşdu".

E. Mirzəbəyli qeyd edib ki, düşmən ölkədə həyata keçirilən parlament seçkilərində saxtakarlığın baş verəcəyi və bunun total miqyas alacağı qətiyyən şübhə doğurmurdu: "Bu hal beynəlxalq ictimaiyyət üçün də yenilik deyildi. Çünki, bir seçki prosesində silahdan istifadə olunursa, bu artıq prosesin nə qədər qanunsuz olacağından xəbər verir. Bu aspektdən də indiki şəraitdə Ermənistanda saxta seçkilər bundan öncəki seçkilərdə baş verən total saxtakarlığın növbəti nümayişi idi. Bu, hərbi cinayətkar olan Ermənistan üçün isə adi haldır. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar konkret olaraq buna münasibət bildirməlidir. Amma təəssüf ki, hazırda belə bir münasibət ortada yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...