Binəqədidə gənclər həqiqi hərbi xidmətə yola salınıblar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir.

SİA xəbər verir ki, aprelin 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Milli Qəhrəmanlar parkında gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Hərbi xidmətə yola salınan gəncləri təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Novruz Rəhimov Ali Baş Komandan İlham Əliyevin gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq Sərəncamının icrası istiqamətində rayonda görülən işlərdən danışıb. Qeyd edib ki, çağırış işinin mütəşəkkil təşkili üçün rayondakı bütün idarə və müəssisələrlə qarşılıqlı iş aparılır.

N.Rəhimov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin gənclərin hərbi xidmətə həvəsləndirilməsi və onların mənəvi-psixoloji durumunun yüksəldilməsi olduğunu deyib. O, Vətənin keşiyini çəkmək üçün ordu sıralarına yollanan gənclərə uğurlar arzulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən söhbət açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb. O, əsası ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev yeniyetmə və gənclərin Vətənə sədaqət ruhunda böyümələri, onlarda dövlət və Vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi-nəzərindən belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazırdır. Aprel döyüşləri zamanı biz bir daha bunun şahidi olduq.

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli də çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib.

Valideynlər övladlarını hərbi xidmətə yola salmaqdan qürur hissi keçirdiklərini söyləyib, çağırışçılara Vətənin keşiyində möhkəm dayanmaqla bağlı tövsiyələrini veriblər.

Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına bildiriblər.

Sonra gənclər müqəddəs "Qurani-Kərim"ə və dövlət bayrağına ehtiramlarını bildirərək, yüksək əhval-ruhiyyə ilə hərbi hissələrə yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə