“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə"

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə"

Bu gün "QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi çərçivəsində seminarlar keçirilib. Sabunçu rayonunun Gənclər evində rayon gənclərinin iştirakı ilə "Erasmus+ proqramında gənclərin iştirakı və gənclər evlərinin rolu" mövzusunda seminar baş tutub.

SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin iştirakı ilə keçirilən seminar isə "Dayanıqlı İnkişaf Məqsədləri və Gənclərin BMT-də rolu" mövzusunda təşkil olunub.

"QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən "QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə keçirilir. Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatı dəstəyi, Avropa Gənclər Forumu və "AİESEC Qlobal"-ın tərəfdaşlığı ilə keçirilir. Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.

"Dayanaqlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu" mövzu üzrə təlimçi İvana Gusik qeyd edib: "İlk öncə mən Gənclər Təşkilatları Milli Şurasına məni Azərbaycana dəvət etdiyi üçün təşəkkür edirəm. Azərbaycan ölkə olaraq çox gözəl və maraqlıdır. QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi haqqında deyə bilərəm ki, istər əhatə etdiyi təlimlər, istərsə də layihə çərçivəsində keçirilən seminarlar gənclər üçün çox əhəmiyyətlidir. Layihənin artıq ilk günü başa çatıb. İlk gün çox məhsuldar və xoş təəssuratlarla yadda qaldı".

"QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi çərçivəsində "Avropa Fondları vasitəsi ilə Fandreyzinq" mövzu üzrə beynəlxalq təlimçi Aleksandr Bakun qeyd edib: "İlk öncə mən Gənclər Təşkilatları Milli Şurasına mənə belə bir fürsət yaratdığı üçün təşəkkür edirəm. "QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi haqqında onu deyə bilərəm ki, gənclər üçün çox maraqlı və vacib layihədir. 5 gün ərzində müxtəlif gənclərlə görüşdüm, ölkənin müxtəlif gəncləri ilə yaxından tanış oldum. Bu sahədə bildiklərimi gənclərə çatdırmağa çalışdım. Əlbəttə ki, mən də onlardan yeniliklər öyrəndim. Ümid edirəm ki, bu layihə bir çox gənclərin peşəkar fəaliyyətində dəyişikliklər edəcək".

Qeyd edək ki, "QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə" layihəsi çərçivəsində ilk tədbir Avropa Gənclər Paytaxtı Gəncə şəhərində "Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi" mövzusunda panel sessiyası keçirilib. Tədbir zamanı layihə haqqında iştirakçılara ümumi məlumat verilib. Paneldə ekspertlərin iştirakı ilə mövzu ətrafında müzakirələr keçirilib, daha sonra ekspertlər gəncləri maraqlandıran sualları cavablandıraraq öz təcrübələrini bölüşüblər. Daha sonra 25-27 noyabr 2016-cı tarixlərində isə Beynəlxalq təlimçilərin iştirakı ilə "Avropa Fondları vasitəsi ilə Fandreyzinq" və "Dayanıqlı İnkişaf Məqsədləri və Gənclərin BMT-də rolu" mövzularında Azərbaycan Dövlət İqtisad Universitetində təlimlər keçirilib. Üç gün ərzində iştirakçılara "Avropa Fondları vasitəsi ilə Fandreyzinq" "Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu" mövzuları haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, 2013-cü ildən start verilən "QHT İdarəetmə Akademiyası" (QİDA) Proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirir. QİDA proqramı çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bugünə qədər 73 gənclər təşkilatından 720 iştirakçı QİDA proqramı çərçivəsində 54 ayrı təlimdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə