Ekspert: "Ermənistan Müdafiə Nazirliyindəki dəyişikliyi yaxşı analiz etmək lazımdır”

Ekspert: "Ermənistan Müdafiə Nazirliyindəki dəyişikliyi yaxşı analiz etmək lazımdır”

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə qədər keçirilən çoxsaylı görüşlərin və aparılan danışıqların təəssüf ki, hər hansı nəticəsi olmayıb". Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, dünyada bəzi regional qarşıdurmalar mövcuddur, ona görə də danışıqların aparılması normaldır: "Tərəflərin görüşməsi, bir-birlərini anlamaları və problemi dünyaya çatdırmaları hər zaman faydalıdır".

Ekspert əlavə edib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağa dair Vyana və Sankt-Peterburqda keçirdikləri görüşlərdə münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq qaldıqlarını bir daha təsdiqlədilər: "Lakin burada barış anlayışı hər kəs üçün fərqli bir məna daşıya bilər. Azərbaycanın ətraf rayonların işğaldan azad edilməsi tələbinə Ermənistanın qarşılıq verməməsi təəssüf doğurur. Son danışıqlarda gözlənildiyi kimi, İrəvan Xankəndini də tərəf olaraq danışıqlara qatmağa cəhd etdi. Yəni, sanki sözdə problemin Azərbaycanla separatçı Dağlıq Qarabağ rejimi arasında olduğunu göstərmək istəyirdilər. Bunun İrəvana həm faydası, həm də zərəri var.

Yəni İrəvan bununla Bakını sıxışdırmaq üçün bir fürsət qazanmaq istəyir, lakin ermənilər arasındakı siyasi qarşıdurmaları nəzərə alsaq, bunun Ermənistan siyasətinə zərəri daha çoxdur".

Politoloq ATƏT-in Minsk qrupunun fəaliyyətinin qane edici olmadığını, bununla belə tərəflərin bir araya gəlməsinin önəmli olduğunu vurğulayıb: "Cəbhədə yenidən gərginliyin müşahidə olunması, həmçinin şəhid verilməsi Azərbaycanın öz gücünü sınamasına gətirib çıxara bilər. Aprel ayından bu yana Azərbaycan ordusunda baş verən yeniliklər, o cümlədən silahlar test edilə bilər. Daha dərin düşünsək, Ermənistan Azərbaycanı yeni bir hərbi qarşıdurmaya məcbur edə bilər. Aprel qarşıdurmalarında Ermənistan yetərli qədər təbliğat apara bilmədi, lakin yeni bir qarşıdurmaya daha hazırlıqlı ola bilər. Ermənistan Müdafiə Nazirliyindəki dəyişiklik prosesini yaxşı analiz etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə