Millət vəkili: “Venesiya Komissiyası Azərbaycana qarşı açıq-aşkar qərəzlidir” AÇIQLAMA

Millət vəkili: “Venesiya Komissiyası Azərbaycana qarşı açıq-aşkar qərəzlidir” AÇIQLAMA

"Azərbaycanda keçiriləcək ümumxalq səsvermə konstitusiyanın tələblərinə tam uyğundur. Azərbaycan inkişaf edir. Bu, iqtisadiyyatda, sosial sahədə, ölkənin daha da demokratikləşməsində və beynəlxalq nüfuzunun artmasında özünü göstərir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda konstitusiyaya əlavələr və dəyişikliklər də bu uğurların möhkəmlənməsinə və yeni hədəflərə nail olunaraq daha güclü müstəqil ölkənin qurulmasına xidmət edir: "Amma, çox təəsüflər olsun ki, bizim bu uğurlarımızı və qələbələrimizi görməyən, qısqanclıqla yanaşan və geridə qalmış bir ölkə kimi görməklə öz maraqlarını həyata keçirə biləcək bir Azərbaycanı görmək istəyən qüvvələr var. Venesiya komisiyasının qətnaməsində qeyd olunan fikirlər də Azərbaycana qərəzli münasibətin göstəricisidir. Çox təəsüflər olsun ki, bir sıra beynəlxalq təşkilatlar bu məqsədə xidmət edir və ölkəmizdə özlərinə xidmət edən əlaltıların saxlanmasında maraqlıdır".

O əlavə edib ki, Konstitusiyaya təkilif olunan 29 məsələ ilə bağlı bütün ölkə ərazisində vətəndaşlarla görüşlər keçirilir, maddə - maddə izah olunur və tam şəkildə aydınlıq gətirilir: "Çox yaxşı haldır ki, xalq tərəfindən Konstitusiyaya əlavə və dəyişikliklər yüksək dərəcədə dəyərləndirilir. Son sözü isə 26 sentyabrda referendumda iştirak edərək hər bir maddəyə öz münasibətini bildirməklə Azərbaycan vətəndaşı deyəcək. Ölkəmiz üçün maraqlısı Azərbaycan vətəndaşının istəyidir. Qaldı ki, xarici dairələrin diqtəsi ilə yazılmış bizə qərəzli münasibət bəsləyən beynəlxalq təşkilatların qərarları bizim üçün heç bir əhəmiyyət kəsb etmir və əsas deyil . Biz müstəqil ölkəyik və dövlət başçısının apardığı müstəqil dövlət siyasəti xalqın iradəsinə uyğundur və hər bir zaman da xalq bu siyasəti yüksək səviyyədə dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə