Elmar Məmmədyarov: "İnanırıq ki, Şimal-Cənub dəhlizi tezliklə istifadəyə veriləcək"

Elmar Məmmədyarov: "İnanırıq ki, Şimal-Cənub dəhlizi tezliklə istifadəyə veriləcək"

"Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var. Bu da çox əlverişli olacaq". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Görüş zamanı dəmir yollarının birləşməsi üçün müzakirələrin aparıldığını deyən XİN başçısı qeyd edib ki, bu il Astara körpüsü üzərində dəmiryol xəttinin tikintisinin başa çatması planlaşdırılır: "İnanırıq ki, tezliklə Şimal-Cənub dəhlizi istifadəyə veriləcək".

Elmar Məmmədyarov qeyd edib ki, prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və "Şimal-Cənub" dəhlizinin reallaşmasına çətinlik yaradır".

O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: "Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə