"Azərbaycan ABŞ-a cavab vermək hüququna malikdir" AÇIQLAMA

"Azərbaycan ABŞ-a cavab vermək hüququna malikdir" AÇIQLAMA

"Azərbaycan tərəfi ABŞ-ın sanksiyalar siyasətinə uyğun cavab verə bilər". SİA xəbər verir ki, bu fikirləri beynəlxalq əlaqələr üzrə ekspert Toğrul Məmmədli Milli Məclisdə Azərbaycanın ABŞ-a qarşı bir sıra sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin cəmiyyətdə formalaşdırdığı fikir haqqında açıqlamasında deyib.

Onun sözlərinə görə Cənubi Qafqaz regionunun siyasi xəritəsini və bu regionda baş verən son siyasi-iqtisadi prosesləri nəzərdən keçirəndə aydın olur ki, Gürcüstan birmənalı şəkildə ABŞ və Avropa siyasət kursunu qəbul edib, gələcəyini NATO və Avropa İttifaqına inteqrasiyada görür: "Ermənistan illərdir ki, rəsmi Moskvanın siyasi kursuna tabedir. Onlar arasında tək Azərbaycan müstəqil siyasət həyata keçirir, bu və ya digər siyasi birləşməni "əsas" adlandırmır, müxtəlif format və istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirir. Lakin bu gün bütün dünya ilə sanksiya dili ilə danışan ABŞ-ın ermənipərəst konqres nümayəndələrinin Azərbaycanı da sanksiyalarla hədələməsi bir növ siyasi şantaja oxşayır. Bu zaman sözügedən konqres nümayəndələri və onları dəstəkləyən digər rəsmilər anlamalıdırlar ki, ABŞ hegemon dövlət olsa belə Azərbaycan ona qarşı atılmış hər bir addıma əks cavab vermək hüququna malikdir".

Toğrul Məmmədli diqqətə çatdırıb ki, ABŞ-a cavab addımı atan ilk və yeganə ölkə Azərbaycan deyil: "Rusiya və bir sıra Asiya ölkələri siyasət, iqtisadiyyat, ticarət və s. sahələrində ABŞ-ın "hədə-qorxu" siyasətinə hər zaman adekvat cavab veriblər, bəzi hallarda bu istiqamətdə ABŞ diplomatları arzuolunmaz şəxslər belə elan olunublar. Azərbaycan dövlətini təmsil edən ölkə başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, müstəqil bir ölkənin daxili siyasətinə qarışmaq qətiyyən yolverilməzdir və eyni zamanda Azərbaycanla sanksiya və ultimatum dili ilə danışmaq olmaz. Bir ölkə kimi Azərbaycan həmişə sülh və ədalət tərəfdarı olub və bu prinsiplərinə də sadiq qalacaq".

Ekspert onu da əlavə edib ki, Milli Məclisdə belə bir məsələnin qaldırılması ABŞ rəsmilərinə onların Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərən 3 ölkədən biri olmasını xatırladacaq: "Öz ermənipərəst siyasətini yeridən ABŞ Konqresinin bəzi nümayəndələrinə qarşı sanksiya siyasəti düzgündür. Bu yaxınlarda ABŞ konqresmeni Kris Smitin qondarma Dağlıq Qarabağın nümayəndələri ilə görüşməsi bir daha sübut etdi ki, Azərbaycan erməni lobbisinin ianəsi hesabına formalaşan birliklərdə təmsil olunan bəzi ABŞ konqres nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməlidir. Bizim ölkə Ermənistanın havadarları və anti-Azərbaycan qüvvələri ilə mübarizəsini davam etdirməkdə haqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə