Aytən Mustafayeva: “Biz Avropada dini dözümsüzlüyü, islamafobiyanı gördük” MÜSAHİBƏ

Aytən Mustafayeva: “Biz Avropada dini dözümsüzlüyü, islamafobiyanı gördük” MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın SƏS TV-yə müsahibəsi:

- Aytən xanım, bu gün 10 dekabr Beynəlxalq İnsan Haqları günüdür. Ümumiyyətlə, dünyada, Avropada İnsan haqları necə qorunur və bu sahədə problemlər nədir?

- Təbii ki, insan hüquqları demokratiyanın, bütün dövlətlərin, cəmiyyətin əsas amillərindən biridir. Təəssüf ki, biz son zamanlar dünyada insan hüquqları və demokratiyanın böhranlı vəziyyətdə olduğunu görürük. Məsələn, bir neçə ay bundan öncə Avropada baş verən hadisələrə nəzər salsaq görərik ki, orada insan hüquqları kontekstində çoxlu sayda hüquq pozuntularına yol verilir. Təbii ki, demokratiya böyük bir nailiyyətdir və yüksək ideyadır. Qorxuram ki, demokratiya ideyası, insan hüquqları amili həyatda, reallıqda baş verən hadisələr nəticəsində öz böhranını yaşaya bilər. İnsan hüquqları, demokratiya deyəndə ilk öncə qeyd etməliyik ki, əsas demokratik cəmiyyət amili qanunun aliliyidir. Hamı o qanuna tabedir və məsuliyyət daşımalıdır. Demokratiyanın xətti, hüdudları olmayanda bu artıq anarxiyadır. Biz bunun nəticəsini Avropada gördük.

Təəssüflər olsun ki, ayrı-ayrı qanunlarla, insan hüquqları ilə onları bağlayaraq məşğul olan Avropa göz önündə olan böyük problemləri (təhlükəsizliklə bağlı və s.) görmədilər. Hətta onların insan hüquqlarını belə bir böhrana çatdırdılar. Onlar xaricdən, Avropa ölkələrinin keçmiş koloniyaları olan ölkələrdən gələn miqrant axının qarşısında aciz qaldılar. Təbii ki, bu miqrant axınını da təsadüfi saymaq olmaz. Bunlar hansısa işçi miqrantlar deyil. İnsanlara qarşı belə laqeyidlik, dözümsüzlük göstərən Avropa açıq-aydın sübut etdi ki, insan hüquqları tək kağız üzərində olmamalıdır. Biz Avropada dini dözümsüzlüyü, islamafobiyanı gördük. Baxmayaraq ki, multikulturalizm mövzusunu özləri ortaya atıblar, ancaq onlar bunun nə olduğunu başa düşmürlər. Azərbaycanda bu istiqamətdə problem yoxdur, olmayıb və ola da bilməz. Çünki Azərbaycan tarixən bir neçə dinlərin, millətlərin birgə yaşam yeri olub.

- Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı anım mərasimləri keçiriləcək. Ulu Öndər barəsində nələri söyləmək olar?

- 1993-cü ildə Azərbaycanda vəziyyət çox gərgin idi. Əhali arasında gələcəyə ümidsizlik var idi. O dövrdə küçəyə çıxmaq böyük problem idi. Şükürlər olsun ki, o zaman Ümummilli Lider Heydər Əliyevə müraciət olundu ki, yenidən Azərbaycanda hakimiyyətə qayıtsın. Sevindirici haldır ki, Ulu Öndər öz razılığı verdi. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişafı yolunun, seçiminin necə olması haqqında qərara gəldi. Onun dövründə "Əsrin müqaviləsi"nin imzalanması bir növ Azərbaycanın taleyinin müqaviləsi idi. Ulu Öndər gələcəyi öncədən fikirləşən bir siyasətçi idi. Beləcə dahi şəxsiyyət zamanla bizim gələcəyimizi müəyyənləşdirdi. Hazırda bu uğurlu strategiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən davam etdirilən bu istiqamət, reallaşan layihələr onu göstərir ki, Azərbaycan bu regionda ən vacib bir nöqtə kimi dünya tərəfindən qəbul olunur. Qurulan, tikilən infrastruktur isə bizim gələcəyə bir növ sığortamızdır. Bu baxımdan hesab edirəm ki, vaxtilə taleyüklü bir qərarlar verən Ulu Öndər Azərbaycanın gələcəyini yazdı.

- Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Belqradda keçirilən toplantısında ilk dəfə olaraq işğal altında olan Azərbaycanın 7 rayonun boşaldılması təklifi ilə çıxış edib. Rusiyanın vassalı olan Ermənistanın bu təklifi qəbul etməsi nə dərəcədə realdır?

- Əgər Rusiya Ermənistanın ağası olaraq bu qərara gəlsə, təbii ki, rəsmi İrəvan bunu yerinə yetirəcək. Amma hələ də Lavrovun fikirləri sözlərdən ibarətdir. Ermənistan yalnız Rusiyanın ordusunun orada olmasına görə həyatdadır. Ermənistan bir dövlət kimi çoxdan nüfuzunu itirib. Ümid edirəm ki, işğal altında olan 7 rayon qaytarılandan sonra biz 25 il də gözləməliyik Dağlıq Qarabağ məsələsini həll edək. Biz konkret olaraq hansısa məsələdə birtərəfli kiminsə yanında ola və kiminsə tərəfini saxlaya bilmərik. Təbii ki, Türkiyə bizim qardaşımızdır. Azərbaycanlılarla türklər eyni bir xalqıq. Bu müzakirə də olunmur. Təbii ki, Rusiyanın bizə təzyiq etməməsi üçün düşünülmüş siyasət yürütməliyik.

- Aytən xanım, iddia olunur ki, Nardaran hadisələrində İran dövlətinin, eləcə də erməni diasporunun da müəyyən mənada rolu var. Siz bu barədə nə deyə bilərsiniz?

- Mən hec cürə bu fikirlərlə razı deyiləm. Çünki İran dövləti olan yerdə Ermənistan kimdir. Çaqqalla pələng eyni sırada dayana bilməz. Mən Ermənistanı nə rəqib, nə də bir struktur, dövlət kimi qəbul etmirəm. Rəsmi İrəvan sadəcə olaraq başqalarının əlində bir alətdir. İran isə tarixən Rusiya ilə həm rəqabətdə olub, həm də Azərbaycana münasibətdə həmfikir olublar. Onun üçün də qeyd etmək istəyirəm ki, Azərbaycandakı sabitliyi indi heç kəs qəbul etmir. Azərbaycan nə qədər zəif olsa, bir o qədər başqaları üçün maraqlıdır. Şükürlər olsun ki, dövlətimiz bütün boşluqları doldurub və öz gücü ilə sabitliyi qoruyub saxlayır. Hesab edirəm ki, Nardaran hadisələri ilə bağlı ciddi işlər görülməlidir. Burada yarımçıq addımlar olmamalıdır.

- Leyla Yunusun azadlığa buraxılması ilə bağlı nə düşünürsünüz?

- Mən Leyla Yunusun azadlığa buraxılması ilə razı deyiləm. Bu mənim şəxsi və qəti fikrimdir. Çünki Leyla Yunus hüquq müdafiəçisi deyil, əksinə, Vətənə, dövlətə, millətə xəyanət etmiş bir insandır. Bu şəxs xəyanətkar və cinayətkardır. Onun azad olunmasını düzgün hesab etmirəm. Heç olmasa ona şərti cəza kəsilib ki, xaricə çıxmasın. Onun fəaliyyəti cəmiyyətimizə, millətimizə, sabitliyimizə qarşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə