Bu gün Türkiyənin Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü qeyd edilir. SİA-nın məlumatına görə, Bakıda Türkiyə Cümhuriyyətinin "29 Oktyabr – Cümhuriyyət Günü" münasibəti ilə rəsmi ziyafət təşkil olunub.
Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir İsmayıl Alper Coşqun çıxışı zamanı Cümhuriyyətin 92 il əvvəlki tarixinə və Türkiyə xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında vətənini işğalçılardan qorumaq naminə apardığı mübarizəyə toxunub.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açan səfir vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının, onların təşəbbüsü ilə gerçəkləşən birgə layihə və sazişlərin müstəsna rolu var. A.Coşqun qeyd edib ki, Türkiyə və Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha da inamla addımlayırlar. Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır".
Azərbaycan prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlıq var.
Ziyafətdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları, müxtəlif partiya və QHT-lərin rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB