Mübariz Əhmədoğlu: "Azərbaycan G-20 sammitində fəxri qonaq kimi çıxış edəcək" Açıqlama
"Azərbaycan Respublikasının Prezidenti beynəlxalq münasibətlərdə təcrübəlidir və onun bu sammitdə iştirakı müsəlman və türk dünyası üçün çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, Böyük 20-liyin sammitində dünyada baş verən ən aktual problemlər müzakirə olunacaq: "Sammitdə hazırda dünyada gedən iqtisadi böhran, maliyyə problemləri, Avropaya olan qaçqın axını, Suriya və İraqla bağlı vəziyyət, radikal müxalifət və ekstremistlərə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Böyük 20-liyin budəfəki iclası Türkiyədə keçirildiyindən burada əsasən Suriyada baş verən hadisələr daha çox qabardılacaq. Əgər bu tədbir başqa bir ölkədə keçirilsəydi burada da Suriya məsələsi müzakirə ediləcəkdi. Lakin iclas Türkiyədə keçirildiyindən Suriya və İraq məsələsinə daha çox diqqət ayrılacaq".
M.Əhmədoğlu qeyd edib ki, həmin tədbirin ənənəsi görə iclasa ev sahibliyi edən ölkə fəxri qonaq dəvət edir və Türkiyənin də fəxri qonaq qismində Azərbaycanı seçməsi bu iki dövlət arasındakı sıx qardaşlıq əlaqəsini bir daha təsdiq edir: "Türkiyə tədbirə ev sahibliyi edir və onun türkdilli dövlətlərdən özünə müttəfiq hesab etdiyi dövlətlər arasında Azərbaycanı fəxri qonaq seçməsi Türkiyə və Azərbaycan arasındakı münasibətlərə rəsmi Ankaranın, prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəyərin göstəricisidir.
Digər tərəfdən Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı imic, onun bu tədbirdə iştirakı türkdilli dövlətlərə böyük fayda verə bilər. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq münasibətlərdə təcrübəlidir və onun bu sammitdə iştirakı müsəlman və türk dünyaya üçün çox vacibdir.
Ümumiliyyətlə iclasda Azərbaycanla bağlı hər hansı bir müqavilənin imzalanacağı gözlənilmir. Burada bir sıra ümumi sənədlər və bəyannamələr imzalanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB