MSK Müsvatın müraciətini təmin etməyib

MSK Müsvatın müraciətini təmin etməyib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Mili Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verilib. MSK katibi Arifə Muxtarova və MSK-nın üzvü Bəxşeyiş Əsgərov müraciətlər haqqında fikirlərini bildiriblər.

İclasda Müsavat Partiyasının noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtinası ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı partiyanın noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməkdən imtina etməsi ilə bağlı MSK-ya müraciət edib: "Onlar müraciətlərində seçkilərin 4 ay sonraya təxirə salınmasını istəyiblər. Seçki qanunvericiliyində indiki halda seçkilərin təxirə salınması nəzərdə tutulmayıb. Yəni, seçkilərdə alternativlik olmazsa, bu, baş verə bilər. Seçkilərdə imtina ilə bağlı isə səsvermə gününə 10 gün qalmış müraciət olunmalıdır. Müsavat Partiyasının addımları qanunvericiliyə ziddir. Səsvermə gününə 10 gün qalmış seçki bülletenləri çap olunur, bu müddətdən sonra isə namizədliyin geri götürülməsi seçiciləri çaşdıra bilər".

MSK sədri Məzahir Pənahov deyib ki, bu cür sənədin indi qəbul olunması mümkün deyil: "Bu, seçiciləri çaşdıra bilər. Bizim bunu təmin etməməyimiz təbiidir. Namizədləri partiya irəli sürüb, geri çəkmək də partiyanın səlahiyyətindədir".

MSK Müsavat Partiyasının müraciətini təmin etməyib.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə