Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin Səbail rayonu 20-ci dairənin sakinləri ilə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hümmət oğlu Hacıyevin həyat və fəaliyyətilə bağlı gənc fəallara geniş məlumat verib. YAP-ın builki seçkilərdə şüarının "Yeni hədəflərə doğru!" olduğunu da xatırladan sədr müavini məhz səbaillilərin yaxından iştirakilə bu hədəflərə çatılacağına inandığını deyib: "Bu gün qarşıdakı parlament seçkilərinə "Yeni hədəflərə doğru!" devizilə gedən Yeni Azərbaycan Partiyası seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların, o cümlədən gənclərin rifahının yaxşılaşmasına xidmət edir və bu gün də bu proses davam edir. Bu gün parlament seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq".

Sonda M.Nağıyev bir daha dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyin daha da güclənməsi yolunda seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səslədi.

YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hümmət oğlu Hacıyev sakinlərlə görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və üçüncü dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verdi.

Ş.Hacıyev Azərbaycanın uğurlu inkişafından danışaraq bildirdi ki, son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Ş.Hacıyevin sözlərinə görə, müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Deputatlığa namizəd onu da vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir: "Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb".

YAP-ın uğurlarının həm də Azərbaycan xalqının uğurları olduğunu və bütün bu uğurların qazanılmasında dövlətimizin başçısının tükənməz zəhmətinin, qətiyyətinin olduğunu bildirən namizəd Şəmsəddin Hacıyev seçiciləri qarşıdan gələn seçkilərdə fəal olmağa, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev olan YAP-ın namizədlərinə səs verməyə çağırdı.
Şəmsəddin Hacıyev ümidvar olduğunu bildirərək, görüşə gələn sakinlərin hər birini keçirilən bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olmağa səslədi.
Görüşdə çıxış edən Səbail sakinləri YAP-ın namizədi Şəmsəddin Hacıyev seçkidə uğurlar arzulayaraq, seçkilərin keçiriləcəyi gün hamılıqla ona səs verəcəklərini dedilər.
Görüşdə sakinləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıldı.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB